Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Argentina Respublikasının Buenos-Ayres şəhərində keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında yüksək nəticələrə görə Azərbaycan Respublikası idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilsin:

1.1. birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat;

1.2. ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat;

1.3. üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun şəxsi məşqçisinə 10 min manat;

1.4. komandanın baş məşqçisinə idman növü üzrə ən yüksək nailiyyət göstərmiş idmançıya görə şəxsi məşqçinin aldığı məbləğ qədər (bir dəfə).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 oktyabr 2018-ci il.

Xəbər 1430 dəfə oxundu.