Fritz Stuçlik: Araşdırma başa çatanadək Orxan Məmmədov oyunlara təyinat almayacaq
Azərbaycan çempionatında hər turun oyunları diqqət mərkəzində saxlanılır, matçlardan sonra müvafiq təhlillər aparılır. Son günlərin müzakirə mövzusuna çevrilmiş “Sumqayıt”–“Qəbələ” oyununda hakim idarəçiliyi də bu baxımdan istisna deyil. Oyundan sonra səsləndirilən bəzi fikirlərlə də tanışıq.

Bu sözləri AFFA-nın Hakimlər Departamentinin sədri Fritz Stuçlik Azərbaycan Premyer Liqasının IX turu çərçivəsində keçirilmiş “Sumqayıt”–“Qəbələ” oyununun baş hakimi Orxan Məmmədovun idarəçiliyi və oyundan sonra müxtəlif mənbələrdə səsləndirilən ayrı-ayrı fikirlərlə bağlı açıqlama verərkən deyib.

Mütəxəssis bildirib ki, Hakimlər Komitəsi bir müddət əvvəl yazılı şəkildə bütün hakimlərə, hakim-inspektor və AFFA nümayəndələrinə oyun dövrü istisna olunmaqla, klub nümayəndələri ilə hər hansı şəkildə ünsiyyət qurmamağı tapşırıb. Əgər zərurət yaranarsa, Hakimlər Komitəsi tərəfindən mərkəzləşdirilmiş qaydada elektron poçt vasitəsilə əlaqə saxlanılmalı, klub rəsmiləri ilə telefon danışığı da olmamalıdır. Müzakirə mövzusu olan məsələ ilə bağlı Hakimlər Komitəsinə bu günə qədər klub tərəfindən rəsmi müraciət daxil olmasa da, komitə bu məsələnin araşdırılmasına başlayıb. Araşdırma başa çatana qədər “Sumqayıt”–“Qəbələ” oyununun baş hakimi Orxan Məmmədov təyinat almayacaq. Bir daha qeyd edirəm ki, hakimlər, hakim-inspektorlar və AFFA nümayəndələri təkcə təyinat aldıqları oyunlarda deyil, digər vaxtlarda da peşələrinin tələb etdiyi məsələlərə həssas yanaşmalı, açıqlamalarında, səsləndirdikləri fikirlərdə diqqətli olmalıdırlar.

Xəbər 679 dəfə oxundu.