Azərbaycan badmintonçuları beynəlxalq turnirdə qızıl medal qazanıb
Misirin paytaxtı Qahirədə badminton üzrə “Egypt International 2018” turnirinə yekun vurulub.

Ölkəmizi turnirdə badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni təmsil edib.

Mübarizəyə əsas mərhələdən start verən Edi Reski Dviçayo ilk görüşünü Yunanıstan təmsilçisi İlias Xansouya qarşı keçirib. Oyunun ilk setində hesab 9:4 Edinin xeyrinə olarkən Xansou ayağından zədə alıb. Texniki qələbə ilə səkkizdəbir final mərhələsinə yüksələn E.Dviçayo burada Macarıstan badmintonçusu Gerqo Pitelə 2:0 (21:6, 21:14) hesabı ilə qalib gəlib. Badmintonçumuz dörddəbir finalda Mavriki Respublikasının təmsilçisi, yarışın bir nömrəli reytinq favoriti Julyen Polu 2:0 (21:14, 21:18) hesabı ilə məğlub edib. Yarımfinalda çexiyalı Milan Ludik üzərində 2:0 (21:16, 21:8) hesablı qələbə qazanan idmançımız finalda macarıstanlı Gergeli Krauza da set vermədən qalib gəlib - 2:0 (21:16, 21:16). Beləliklə, təmsilçimiz kişilərin şəxsi yarışında “Egypt International 2018” turnirinin qalibi adını qazanıb.

Digər badmintonçumuz Ezmi Qovimuramadhoni isə ilk görüşündə Rio Olimpiadasının iştirakçısı Lino Munoza 0:2 (13:21, 11:21) hesabı ilə uduzub.

Edi Reski Dviçayo - Ezmi Qovimuramadhnoni cütü kişilərin qoşa yarışında uğurlu çıxışla yadda qalıblar. Edi və Ezmi dörddəbir finalda Pakistan (Anjum Bəşir/Şahmer İltikhar) ardınca isə Misir (Əhməd Salah/Əbdülrəhman Əbdülhakim) badmintonçularına 2:0 hesabı ilə qalib gəliblər. İdmançılarımız həlledici görüşdə misirli Əli Əhməd Əl Xateb və malayziyalı Yogendran Krişnan cütünü 2:1 (18:21, 21:15, 21:18) hesabı ilə məğlub edərək, kişilərin qoşa yarışında qızıl medal qazanıb.

AZƏRTAC

Xəbər 1189 dəfə oxundu.