İki qadın güləşçimiz dünya çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

Yarışın 5-ci günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə start verib.

Güləşçilərimizin ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb.

Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Anjela Doroqanın (53 kq) da startı parlaq alınıb. Yığmamızın üzvü 1/8 finalda Çin Taypeyindən olan güləşçini çətinlik çəkmədən məğlub edib.

Alyona Kolesnik (57 kq) ilk mərhələdə son Olimpiya və ikiqat dünya çempionu ilə üz-üzə gəlib. Ancaq titullu rəqibindən qətiyyən çəkinməyən güləşçimiz amerikalı rəqibinə ikinci hissədə tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə çinli həmkarına müqavimət göstərə bilməyib. Elmira Qəmbərovanın (62 kq) Bolqarıstan təmsilçisi ilə görüşü gərgin idman mübarizəsi şəraitində keçib. Hesabda 3:0 önə keçən həmyerlimiz üstünlüyünü qoruya bilməyib. Sonda bərabərlik qeydə alınsa da, rəqib ilk hissənin sonunda 4 xallıq fəndi dəqiq icra etdiyindən növbəti mərhələyə yüksəlib.

Xəbər 831 dəfə oxundu.