Dövlət Müstəqilliyi Günü münasibətilə həvəskarlar arasında ölkə çempionatı keçirilib
18 oktyabr – Dövlət Müstəqilliyi Günü münasibətilə Respublika Velotrekində həvəskar velosipedçilər arasında trek növü üzrə açıq Azərbaycan çempionatı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil edilən yarışda 18 yaşdan yuxarı 300-ə yaxın qadın və kişi velosipedçi mübarizə aparıb.

Çempionatda paytaxt təmsilçiləri ilə yanaşı, respublikanın bir çox bölgələrindən gəlmiş həvəskarlar da iştirak ediblər. Onlar yarışda mübarizə aparmaqla yanaşı, Respublika Velotrekində idmançılar üçün yaradılmış şəraitlə, həmçinin dünyada və Azərbaycanda velosiped idmanının inkişaf yolunu özündə əks etdirən muzeylə də tanış olublar.

Dövlət bayraqlarını aparan peşəkar velosipedçilərin və motosikletçilərin paradından sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirilib və mükafatlandırma mərasimi keçirilib. Qadınlar arasında fəxri kürsünün ən yüksək pilləsinə Rəbiyyə Orucova qalxıb. İlahə Mehdiyeva ikinci, Aygün Hüseynova isə üçüncü yeri tutub. Kişilər arasında Renat Bağışov bütün rəqiblərini qabaqlayaraq çempion olub. Sonrakı iki yerdə Teymur İsgəndərov və Əli İmamverdiyev qərarlaşıblar.

Qaliblərə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının birinci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov, federasiyanın baş katibi Fərhad Əliyev və Respublika Olimpiya Velosiped Məktəbinin direktoru Faiq Qurbanov təqdim ediblər. Mükafata layiq yerlər tutmuş həvəskarlar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və qiymətli hədiyyələrlə, həmçinin birinci yeri tutan həvəskarlar Azərbaycanın ilk milli velosiped brendi “ISMA BIKES” ilə mükafatlandırılıb.

Qadınlar arasında birinci yerə layiq görülən Rəbiyyə Orucova qələbə qazanmasından sevinc hissi keçirdiyini deyərək xanımları velosiped idmanına dəvət edib: “Velosiped çox gözəl idman növüdür. Düzdür, hazırda qadınlarla müqayisədə kişilər daha çox velosiped sürür, amma mən zərif cinsin nümayəndələrini də velosipedlə məşğul olmağa dəvət edirəm. Qələbə qazandığım üçün çox sevinirəm və təşkilatçılara minnətdarlığımı bildirirəm”.

Yarışa İsmayıllı rayonundan qatılan və üçüncü yeri tutan Əli İmamverdiyev isə bölgələrdə bu idman növünün getdikcə populyarlaşdığını deyib və yarışda iştirakdan məmnunluğunu bildirib.

Mükafatlandırma mərasimi başa çatdıqdan sonra yarış iştirakçıları üçün konsert proqramı təşkil edilib.

Xəbər 1327 dəfə oxundu.