«İnter» Eto’Onu qaytara bilər
Ötən yay transfer dövründə Mahaçqala «Anji»sinə keçmiş Samuel Eto’O görünür Dağıstan pullarınan doyub və indi yenidən «İnter»ə qayıda bilər. İdman.com.az saytının məlumatına görə, Mahaçqaladakı yeni həyatına futbolçu o qədər də öyrəşə bilməyib. Burada hər şeyi bildiyi kimi etmək istəyən kamerunlu hücumçu, öz statusundan istifadə edib məşqləri də tez-tez buraxır. Belə ulduz şıltaqlıqları da onun klubdakı karyerasına son qoya bilər.

Bunları nəzərə alan futbolçu 20 milyonluq illik maaşına baxmayaraq, İspaniya və ya İtaliya çempionatlarından birinə, məhz başgicəlləndirici uğurlar qazandığı məkana qayıtmaq istəyir. «İnter»in sahibi Massimo Moratti 31-yaşlı futbolçunu qaytarmaq üçün yəqin xəsislik etməz. Hər halda ötən ilin avqustunda o, kamerunlunun satışından 27 milyon qazanıb.
İndi bir məsələ qalır ki, «Anji»nin sahibi öz superulduzunu satmaq istəyəcəkmi.

Doğrudur, hələ yanvarda Eto’O klubdan getmək fikrində olmadığını, hətta karyerasının sonunadək burada qalacağını demişdi. Ancaq bir neçə aya vəziyyət tam əksinə ola bilər.

Xəbər 1041 dəfə oxundu.