Binəqədi rayonunda “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsi qaydaları ilə əlaqədar iclas keçirilib
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən “Məktəblər arasında respublika çempionatı”nın keçirilməsi qaydaları ilə əlaqədar olaraq oktyabrın 16-da “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində iclas keçirilib.

İclasda Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, "Təhsil" Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktor əvəzi Aydın Gözəlov, rayon orta ümumtəhsil müəssisələrinin direktorları, müavinləri və idman müəllimləri iştirak ediblər.

İclası giriş sözü ilə açan idarə rəisi Elvin Aslanov “Məktəblər arasında respublika çempionatı”nın mahiyyəti barədə məlumat verib. Qeyd olunub ki, məktəblilər arasında bədən tərbiyəsi və idmanı təbliğ etmək, sinifdənxaric və məktəbdənkənar fəaliyyət sahəsində ümumtəhsil məktəblərinin fəaliyyətlərini qiymətləndirmək, məktəblilərdən ibarət yığma komandanın heyətini müəyyənləşdirmək və idman növü üzrə qalib məktəblərin idmançılarının aidiyyatı beynəlxalq yarışlarda iştirakını təşkil etmək çempionatın əsas məqsədlərindəndir.

İclasın gedişatında iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda şahmat, atletika, voleybol (qızlar) və basketbol (oğlanlar) idman növləri üzrə rayondaxili keçiriləcək yarışların püşkü atılıb.

Xəbər 1059 dəfə oxundu.