Cari ilin doqquz ayı ərzində “Təhsil” İdman Mərkəzinin 2 saylı RİOEUGİM yetirmələri 262 medal qazanıblar
“Təhsil” Respublika İdman Mərkəzi (RİM) idmanın səkkiz növünü əhatə edir. Bunlar cüdo, yunan-Roma güləşi, sərbəst güləş, voleybol, badminton, basketbol, futbol və həndboldur. Biz bütün idman növlərinin inkişafına eyni səviyyədə diqqət göstəririk. Komanda idman növlərində inkişaf xüsusilə müşahidə olunur. Hazırda məktəbimizdə 1300-dək yeniyetmə və gənc idmanın sirlərini öyrənir.

Bu sözləri müsahibəsində “Təhsil” İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) direktoru Əjdər Cəfərov deyib.

Məktəbin futbolçularının son aylarda yerli və beynəlxalq arenada uğurlu çıxış etdiklərini bildirən Ə.Cəfərov deyib: “Bu gün komandamız Türkiyənin Ordu şəhərində təşkil olunacaq yeniyetmələr arasında beynəlxalq turnirə yola düşüb. Komandamızdan yüksək nəticələr gözləyirik. Təhsil Nazirliyi tərəfindən bizim üçün hər cür şərait yaradılıb. Belə ki, beynəlxalq turnirdə iştirak edəcək futbol komandamız yarışdan öncə Zuğulbada təlim-məşq toplanışında iştirak edib. Hazırlıq prosesi çərçivəsində futbolçular üçün lazımi şərait yaradılıb. Futbolçularımız yola düşməzdən öncə onlarla görüş keçirildi və lazımi idman avadanlığı ilə təmin olundular.

Respublikadaxili yarışlarda məktəbimizin badmintonçuları nailiyyətləri ilə seçilirlər. İdmanın bu növü ölkəmizdə populyarlaşmağa başlayıb və badmintonun kütləviləşməsi istiqamətində məktəbimiz tərəfindən müxtəlif seminarlar təşkil olunub. Həmçinin badmintonçuların yüksək səviyyədə hazırlıq keçməsi üçün hər cür şərait yaradılıb”, - deyə Ə.Cəfərov əlavə edib.

Cari ilin doqquz ayı ərzində yetirmələrinin yerli və beynəlxalq yarışlarda ümumilikdə 262 medal qazandıqlarını diqqətə çatdıran idman mütəxəssisi qeyd edib ki, bunlardan 87-si qızıl, 90-nı gümüş, 85-i isə bürünc medaldır. Bu il ən çox medalı badmintonçular qazanıblar. Onların hesabında 173 medal var.

Ə.Cəfərov vurğulayıb ki, məktəbdə yüksəkixtisaslı məşqçilər fəaliyyət göstərirlər. Burada idmanın səkkiz növünün sirlərinin yeniyetmə və gənclərə öyrədilməsi ilə 80-dək məşqçi-müəllim məşğul olur. Onlar arasında Əməkdar məşqçilər və beynəlxalq dərəcəli idman ustaları fəaliyyət göstərirlər. Ümid edirəm ki, gələn il nəticələrimiz daha da artacaq. Gələcəkdə məktəbin nəzdində yeni bölmələrin açılması istiqamətində işlər görülür. Digər idman növlərinə olan marağı nəzərə alıb rəhbərliyə təkliflərlə müraciət etmək istəyirik. Kütləviliyi təmin etmək məqsədilə komanda idman növlərinə yer verməyə çalışacağıq. Bundan başqa şahmata çox böyük maraq var.

“Məktəbimiz cari ilin sonundan başlayaraq qonşu ölkələr – Türkiyə, İran, Gürcüstan və Rusiya ilə beynəlxalq əlaqələr qurmaq niyyətindədir. İlk öncə qarşılıqlı təlim-məşq toplanışlarının təşkili nəzərdə tutulub. Daha sonra digər Avropa ölkələri, o cümlədən müəyyən idman növləri inkişaf etmiş dövlətlərlə əlaqələr yaradılacaq. Həmçinin bu il “Narkomaniyaya YOX!”, “Siqaretdən uzaq”, “Sağlam bədəndə sağlam ruh” devizləri altında sosial tədbirlərin təşkili nəzərdə tutulur. Kimsəsiz uşaqlar evində görüşün keçirilməsi və onların idmana cəlb olunması istiqamətində mühüm addımlar atılacaq.

Məktəbimizin yetirmələri arasında yetərincə titullu idmançılar var. Belə ki, basketbol bölməsinin yetirmələri yığma komandamızda çıxış edən idmançılardır. Məktəbimizin yetirməsi cüdoçu Yaqub İsmayılzadə Argentinada təşkil olunacaq Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Cüdoçumuz, həmçinin Avropa çempionatının gümüş, dünya birinciliyinin isə bürünc mükafatçısıdır”, - deyə 2 saylı “Təhsil” RİOUEGİM-in direktoru əlavə edib.

Bildirib ki, beynəlxalq idman federasiyaları ilə birgə seminarların təşkili də nəzərdə tutulub. Həmin federasiyalardan ölkəmizə mütəxəssislər dəvət ediləcək və dünya idmanında baş verən yeniliklərlə idmançılarımız yaxından tanış olacaqlar. Cari ilin dekabrında Türkiyə millisi komandası ilə hər hansı idman növündə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır. Hazırda bu istiqamətdə danışıqlar aparılır. Güman edirəm ki, yoldaşlıq görüşü ya cüdo, ya da güləş üzrə təşkil olunacaq. Yoldaşlıq görüşlərinin təşkili idmançının peşəkarlığının artırılması baxımından vacib addımdır. Həmçinin “Təhsil” İdman Mərkəzinin 2 saylı RİOEUGİM-in bazasında yaxın günlərdə güləş və kapoeyra üzrə paytaxt birincilikləri təşkil olunacaq.

AZƏRTAC

Xəbər 1605 dəfə oxundu.