Arkadi Dvorkoviç: “Biz şahmatı yeni səviyyəyə çatdıra bilərik”
Batumidə konqresdə seçkilərdə qələbədən sonra Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Arkadi Dvorkoviç bu hadisədən irəli gələn emosiyalarını bölüşüb.

Rusiya Şahmat Federasiyasının rəsmi saytında Dvorkoviçin bu sözləri sitat gətirilir: “Biz qalib gəldik. Bizim əla komandamız bu qısa, amma çətin kampaniyanın birinci günündən sonuna kimi mübarizə apardı və indi biz verdiyimiz sözə əməl edə bilərik. Biz FİDE-ni bütün tərəfdaşların hörmətinə və etimadına layiq olan təşkilata çevirməyi və şahmatı yeni səviyyəyə çatdırmağı bacararıq. Təəssüf ki, bürokratiyadan - vitse-prezidentlərin, komissiyaların sədrlərinin və üzvlərinin mövqeyinə əsaslanan rəsmi komanda yığmaqdan başlamaq lazım gələcək. İşlək struktur formalaşdırmaq lazımlıdır. Ümid edirəm ki, çərşənbə günü çıxışlarda səslənmiş, şəffaflığa və işin səmərəliliyinə imkan yaradan ilk dəyişiklikləri cümə axşamı təklif edə biləcəyik. Sonra isə qarşıda bizi aylar boyu gərgin iş gözləyir. Mənə göstərilən etimada görə hamıya təşəkkür edirəm. Bütovlükdə, belə nəticəyə görə çox razıyam, çünki düşünürdüm ki, üstünlük daha az olacaq.

Səsvermənin nəticəsinə görə Arkadi Dvorkoviç 103 səs, onun rəqibi Georgios Makropulos isə 78 səs toplayıb.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının yeni prezidentinin komandasında fransız Başar Kuatli (birinci vitse-prezident), azərbaycanlı Mahir Məmmədov və perulu Xulio Ernesto Qranda Sunyiqa vitse-prezidentlər, toqolu Enonam Seva Fumey - baş katib, Qətər nümayəndəsi Çju Çen - xəzinədar olacaq.

Xəbər 807 dəfə oxundu.