Azərbaycanı Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında təmsil edəcək taekvondoçularımızla görüş keçirilib
Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak etmək üçün oktyabrın 4-də yola düşəcək nümayəndə heyətində yer alan iki taekvondoçumız artıq təlim-məşqlərini başa vurub.

Argentinaya yola düşməzdən əvvəl Azərbaycan Taekvondo Federasiyasında ölkəmizi bu oyunlarda təmsil edəcək taekvondoçularımızla görüş keçirilib.

Görüşdə Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, gənclərdən ibarət taekvondo üzrə milli Olimpiya komandasının baş məşqçisi, Əməkdar məşqçi Məmməd Abdullayev, böyük məşqçi Zahid Məmmədov, eləcə də oyunlarda ölkəmizi təmsil edəcək gənclər arasında sonuncu dünya çempionu Cavad Ağayev və Minayə Əkbərova iştirak ediblər.

Söhbət zamanı Nancinqdə keçirilmiş Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında taekvondoçumuz Səid Quliyevin qızıl medal qazandığını xatırladan Nağı Səfərov bu dəfə də eyni uğurun təkrar olunacağına inandığını deyib.

İdmançı kimi əldə etdiyi təcrübəsini taekvondoçularla bölüşən Niyaməddin Paşayev də məşqçilərə və onların yetirmələrinə uğurlar arzulayıb.

Buenos-Ayresdə təşkil olunacaq Olimpiadada Cavad Ağayev 63, Minayə Əkbərova isə 44 kiloqram çəki dərəcələrində mübarizə aparacaqlar. Beşgünlük taekvondo yarışlarına oktyabrın 11-də yekun vurulacaq.

Xəbər 771 dəfə oxundu.