Azərbaycanın kişilərdən ibarət komandası Ümumdünya Şahmat Olimpiadasında liderlik edir
Gürcüstanın Batumi şəhərində Ümumdünya Şahmat Olimpiadası davam edir. Altıncı turda Azərbaycanın kişilərdən ibarət komandası Çexiya komandası ilə, qadınlardan ibarət yığmamız isə latviyalı rəqibləri ilə qarşılaşacaq.

Qədir Hüseynovun komandası (Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naydiç və Rauf Məmmədov) beşinci turda Ermənistan yığmasına 2,5:1,5 hesabı ilə qalib gəlib. Kapitan Fikrət Sideyifzadənin rəhbərlik etdiyi qadınlardan ibarət yığmamız (Zeynəb Məmmədyarova, Xanım Balacayeva, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva) isə Yunanıstan şahmatçılarını 3:1 hesabı ilə məğlub edib.

Beş turdan sonra kişilər arasında hər birinin aktivində 10 komanda xalı olan Azərbaycan, Çexiya, Polşa və Ukrayna yığmaları liderlik edir. İsrail, ABŞ və Almaniya komandaları liderlərdən bir xal, on yeddi komandanın hər biri liderlərdən iki xal geri qalır.

Qadınlar arasında ABŞ komandası irəlidədir - 10 xal. Çin, Ukrayna, Gürcüstan-2, Ermənistan, Gürcüstan-1 və Hindistan komandaları liderlərdən bir xal, Azərbaycan da daxil olmaqla on beş komandanın hər biri liderlərdən iki xal geri qalır.

Qeyd edək ki, Batumidə keçirilən Ümumdünya Şahmat Olimpiadasının iştirakçıları bu gün istirahət edirlər.

Xəbər 906 dəfə oxundu.