Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun bağlanış mərasimi keçirilib
Sentyabrın 27-də Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumunun bağlanış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev, Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista və digər rəsmi şəxslər iştirak ediblər.

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev çıxış edərək bildirib ki, Gənc Liderlərin Qlobal Forumuna ev sahibliyi etməklə biz hər bir gəncimizə - əqli məhdudiyyətləri olan və olmayanlara verdiyimiz dəyəri nümayiş etdiririk. Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. Ölkəmizdə Olimpiya Hərəkatının inkişafı üçün hər cür şərait yaradılıb. Bu Forum cəmiyyətdən təcrid olunduğunu hiss edən hər kəs üçün daha inklüziv dünyaya yeni körpü, ümid mayakı olacaq. Azərbaycanda Xüsusi Olimpiya Hərəkatına dəstək verən bütün qurumlara və Bakıya gələn qonaqlara təşəkkürümü bildirirəm”.

Sonra çıxış edən Avropa və Avrasiya Xüsusi Olimpiya Hərəkatının prezidenti Devid Evangelista Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin Qlobal Forumunun yüksək səviyyədə keçirilməsinə görə Azərbaycanın Gənclər və İdman Nazirliyinə minnətdarlığını bildirib. O deyib ki, Bakı bu misilsiz layihə üçün mükəmməl məkandır. Biz çalışacağıq ki, ailəmizin üzvlərinin sayını daha da artıraq və ən yüksək səviyyəyə qalxaq.

Tədbirdə digər çıxış edənlər Forumun əhəmiyyətindən danışıblar. Bildirilib ki, əqli məhdudiyyəti olan və olmayan 120 gənc lider sentyabrın 24-dən 28-dək Bakıda keçirilən və inklüzivliyi təşviq edən forumda iştirak edib. Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərinin 20-ci Forumu Xüsusi Olimpiya Hərəkatının 50-ci ildönümünə həsr olunmuş əsas tədbirlərdən biridir.

Qeyd edək ki, forum zamanı dünyanın müxtəlif yerlərindən gəlmiş gənc liderlər əlavə olaraq daha yaşlı 100 liderin iştirakı ilə öz ölkələrində inklüziv cəmiyyətlər formalaşdırmaq məqsədilə qrup layihələrini hazırlayıblar. Bakı forumu başa çatdıqdan sonra gənc liderlər öz ölkələrində həyata keçirəcəkləri layihələri tərtib edəcəklər. Bu layihələr Beynəlxalq Xüsusi Olimpiya Fondunun qrantları ilə dəstəklənəcək. Beş günlük Forum Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, habelə “Lions Clubs International”, “Stavros Niarchos Foundation” və digər təşkilatlar tərəfindən dəstəklənib.

Xüsusi Olimpiya Hərəkatının növbəti 50 il ərzində əsas məqsədlərindən biri dünya miqyasında “Vahid məktəblər” adlanan məktəb proqramları vasitəsilə gənclərin cəlb olunmasını təşviq etmək və əqli məhdudiyyətləri olan və olmayan gəncləri inklüziv idman və liderlik vasitəsilə bir araya gətirən “Vahid nəsil” proqramının hazırlanmasıdır.

Forum müddətində gənc liderlər öz ölkələrində, şəhərlərində, məktəblərində və icmalarında sosial inklüzivliyə nailolma sahəsində anlayışlarını inkişaf etdirəcək və genişləndirəcəklər. Onlar liderlik və sosial dəyişiklik sahəsində dünya miqyasında tanınmış ekspertlərdən yeni strategiyaları və fəaliyyətləri öyrənəcəklər. Bu isə Xüsusi Olimpiya Hərəkatı Vahid İdman Platformasından istifadə etməklə daha inklüziv dünyanı təşviq etməyə kömək edəcək.

Vətənlərinə qayıtdıqdan sonra gənc nümayəndə heyətləri müxtəlif inklüzivlik layihələrini təklif edəcəklər. Bu layihələr Xüsusi Olimpiya Hərəkatı Gənclər üçün İnnovasiya Qrantları təşəbbüsü vasitəsilə dəstəklənəcək. Nəticədə 8500-dən çox gənc bütün dünyada 250 yeni Vahid Məktəb və idman klubunda inklüziv idman və liderlik fəaliyyətinə cəlb olunacaq.

Xəbər 952 dəfə oxundu.