Gənclər və İdman Nazirliyində Dünya Hokkey Federasiyasının və Avropa Hokkey Federasiyasının prezidentləri ilə görüş keçirilmişdir
Oktyabrın 21-də Gənclər və İdman Nazirliyində Dünya Xokkey Federasiyasının prezidenti Leonardo Neqre və Avropa Xokkey Federasiyasının prezidenti Martin Koteric ilə görüş keçirilmişdir.
AzərTAc xəbər verir ki, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov qonaqları salamlamış, onlara nazirliyin fəaliyyəti barədə məlumat vermişdir. Demişdir ki, Azərbaycanda idman sürətlə inkişaf edir və bu inkişaf ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsindədir. Bu qayğının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər idmançılarla müntəzəm görüşlər keçirmiş və onlara daim dəstək vermişdir. Son 15 ildə Azərbaycanda 28 Olimpiya İdman Kompleksi tikilmişdir və bunlar da ölkədə gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçirilməsinə xidmət edir.
Nazir müavini bildirmişdir ki, il ərzində ölkəmizdə 30-40 beynəlxalq yarış keçirilir, turnirlərin yüksək səviyyədə təşkil olunması həmişə dünya idman qurumları tərəfindən alqışlanır və yeni yarışların keçirilməsinə təkan yaradır. 2009-cu ildə Azərbaycan idmançıları olimpiya və qeyri-olimpiya idman növlərində 619 medal qazanmışlar və göstərici hər il artmaqda davam edir. Sinqapurda keçirilən Birinci Yay Olimpiya Oyunlarında Azərbaycan milli komandası 205 ölkə arasında 11-ci pillədə qərarlaşmışdır.
Qeyd olunmuşdur ki, ölkəmizdə otüstü xokkey idman növünə maraq 70-ci illərdən başlamışdır. Azərbaycanda bu idman növü daim inkişafdadır. Xokkeyçilərimizin 2010-cu ildə Londonda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanacağına inam vurğulanmışdır. Qadınlardan ibarət otüstü xokkey yığmamız artıq Avropada tanınır.
L.Neqre demişdir ki, mən artıq Azərbaycana dördüncü dəfədir səfər edirəm. Ölkədə gedən quruculuq işləri və inkişaf məni heyran etdi. 2002-ci ildə ilk səfərim vaxtı Azərbaycana Otüstü Xokkey Federasiyası (AOXF) ilə əlaqə qurmaq üçün gəlmişdim. O gündən indiyədək Bakı daha da gözəl olmuşdur. Azərbaycanın qadın xokkeyçilərinin əldə etdikləri nailiyyətlər bizi çox sevindirir. Ümid edirəm ki, kişi idmançılar da yaxın zamanlarda beynəlxalq yarışlarda uğurla iştirak edəcəklər. Çünki bunun üçün Azərbaycanda gözəl şərait və imkan vardır.
Avropa Xokkey Federasiyasının prezidenti M.Koteric vurğulamışdır ki, rəhbərlik etdiyi quruma 43 milli federasiya, o cümlədən AOXF daxildir. Əldə etdiyi uğurlara görə Azərbaycanın qadınlardan ibarət xokkeyçiləri ilk səkkizlikdə qərarlaşmışlar. Gələn il Almaniyada keçiriləcək Avropa çempionatında Azərbaycan yığmasının nailiyyətlər qazanacağına əminəm. Qadınlardan ibarət klublar arasında keçirilən Avropa çempionatında da Azərbaycan xokkeyçiləri yarımfinal mərhələyədək yüksəlməyi bacarmışlar. Bunun özü də bir uğurdur.

AzərTAc

Xəbər 1120 dəfə oxundu.