Polo üzrə Azərbaycan millisi növbəti qələbəsini qazanıb
İtaliyanın Siena şəhərində start götürmüş polo üzrə Avropa çempionatının ikinci turunda Fransa komandası ilə qarşılaşan Azərbaycan millisi rəqibinə 8:4 hesabı ilə qalib gəlib.

İkiqat Avropa çempionu və bu turnirin ikiqat gümüş mükafatçısı olan Fransa yığmasına məğlubiyyət hissini yaşadan milli komandamızın tərkibində Elçin Camallı və Fabian Bolanterio xüsusilə gözəl oyun nümayiş etdiriblər.

Azərbaycan yığma komandasının baş məşqçisi Namiq Orucov turnirə növbəti böyük hesablı qələbə qazanan idmançılarımızın oyunundan razı qaldığını deyib.

Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə polo idman növünün son illərdə böyük sürətlə inkişaf etdiyini vurğulayan Namiq Orucov Fransa kimi təcrübəli rəqib üzərində qələbənin əldə olunmasında çempionata ideal hazırlaşma şəraitinin yaradılmasının önəmini qeyd edib və buna görə Azərbaycan Respublikasının Atçılıq Federasiyasına minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan milli komandası Avropa çempionatının ilk turunda Niderland seçməsini böyü hesabla məğlub etmişdi (7:3).

Xəbər 1198 dəfə oxundu.