Rüstəm Orucov: Cüdo üzrə milli komandamız çox yaxşı formadadır
Azərbaycanın cüdo üzrə milli komandası çox yaxşı formadadır. Komanda yoldaşlarım yarışa ciddi hazırlaşıb.

Bu sözləri Bakıda təşkil olunacaq cüdo üzrə dünya çempionatı ilə əlaqədar sentyabrın 19-da keçirilən mətbuat konfransında millimizin üzvü, Avropa çempionu Rüstəm Orucov deyib.

Cüdoçumuz bildirib ki, dünya çempionatının Bakıda keçirilməsi yerli idmançılar üçün stimul olacaq: “Ümid edirəm ki, Bakı mundialında uğurla çıxış edib azarkeşlərimizi sevindirəcəyik”.

Fransalı ikiqat Olimpiya, onqat dünya və beşqat Avropa çempionu Teddi Riner turnirdə iştirak etməsə də, rəqiblərini izləyəcəyini açıqlayıb: “İki dünya çempionatında iştirak etməməyə qərar verdim. Amma bütün rəqiblərimin görüşlərini izləyəcəyəm. Çox maraqlı yarış olacaq”.

Bir neçə dəfə Bakıda olduğunu bildirən avstriyalı Avropa çempionu Sabrina Filtsmozer dünya çempionatını xüsusi yarış adlandırıb: “Bakıda olmaq xoşdur. Dünya çempionatı hər bir idmançı üçün xüsusi hadisədir. Bütün iştirakçılara uğurlar arzulayıram”.

Xatırladaq ki, dünya çempionatı sentyabrın 20-27-də Milli Gimnastika Arenasında keçiriləcək.

Xəbər 820 dəfə oxundu.