MOK-un Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyi ilə bağlı tədbir keçirilib
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyasının 20 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti Jeno Kamuti, Avropa Ədalətli Oyunlar Hərəkatının baş katibi İoannis Psilopouos ölkəmizə dəvət olunmuş rəsmi qonaqlar, tanınmış idmançılar və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycanda ədalətli oyunlar prinsipi, idmanın inkişafından bəhs edən videoçarx nümayiş etdirilib.

Gənclər və idman nazirinin müavini İ.İsmayılov çıxış edərək, ölkəmizdə idmana dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb. Azərbaycanda dünyanın ən mötəbər idman yarışlarının keçirildiyini vurğulayan nazir müavini: “Ölkəmizdə hər il beynəlxalq yarışlar, dünyanın ən böyük idman tədbirləri keçirilir. Bu isə dövlət tərəfindən idmanın, idmançıların, ədalətli oyunlar prinsipinin inkişafı üçün atılan mühüm addımdır. Ölkəmizdə “Bakı-2015” I Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları, müxtəlif növlər üzrə dünya və Avropa çempionatları yüksək səviyyədə keçirilib. Bir neçə gündən sonra Bakıda cüdo üzrə dünya çempionatına start veriləcək. Bütün bunlar Azərbaycanın dünyada idman ölkəsi olduğunun bariz sübutudur”.

MOK-un vitse-prezidenti Ç.Hüseynzadə çıxışında bildirib ki, dövlət başçımız İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin Prezidenti seçiləndən sonra o vaxta qədər mövcud olmayan bir neçə komissiya yaradıldı. Bu komissiylardan birincisi Ədalətli Oyunlar Komissiyası oldu. O, komissiyanın hər il 5 istiqamət üzrə nominasiyalarda mükafatlar təqdim etdiyini bildirib: “AzƏOK hər il idmançılar, məşqçilər, hakimlər, təbliğatçılar (jurnalistlər) və idman xadimləri arasında qaliblərə mükafatlar təqdim edir. Çünki bu insanların ədalətli oyunlar prinsiplərinin inkişafında xidmətləri olur. Azərbaycan ədalətli oyunlarla bağlı dünyada keçirilən bütün tədbirlərdə uğurla iştirak edir. Bu tədbirlərin ölkəmizdə keçirilməsi üçün isə bütün lazımi şərait yaradılır. Mən bütün idmançılara ədalət prinsipləri əsasında mübarizə aparmağı və beynəlxalq yarışlarda idmançılarımıza ədalət prinsipləri ilə yanaşılmasını arzulayıram”.

Sonra Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin prezidenti Jeno Kamuti çıxış edərək dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevə dünyada olimpiya hərəkatının və ədalətli oyunlar prinsiplərinin inkişafı istiqamətində böyük xidmətlərinə görə minnətdarlığını bildirib.

O, “Bakı-2015” I Avropa Oyunlarının olimpiya hərəkatına və ədalətli oyunlar prinsiplərinin inkişafına xüsusi töhfə verdiyini vurğulayıb.

BƏOK-un rəhbəri 2019-cu ildə Azərbaycanda Avropa Gənclər Olimpiya Festivalı keçiriləcəyini, 50-dən artıq ölkənin bu festivalda çıxış edəcəyini qeyd edib.

J.Kamuti ilk Ədalətli Oyunlar Regional Ofisinin Bakıda açılacağını bildirib: “MOK-un vitse prezidenti, AzƏOK-in sədri Xəzər İsayev tanınmış idmançı və mütəxəssisdir. Ədalətli Oyunlar Regional Ofisinin rəhbəri də X.İsayev olacaq. Əminəm ki, o, böyük işlər görəcək. Bu ofisin uğurla fəaliyyət göstərməsi üçün BƏOK də əlindən gələn köməkliyi göstərəcək”.

Sonra digərləri çıxış ediblər.

AzƏOK-in 20 illik fəaliyyətindən bəhs edən “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabı və təşkilatın yeni loqosu təqdim olunub.

Qeyd edək ki, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) Ədalətli Oyunlar Komissiyası cənab İlham Əliyevin 1997-ci ildə MOK-un Prezidenti seçilməsindən sonra yaradılıb. Onun təşəbbüsü ilə fəaliyyətə başlayan təşkilat 1998-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatına üzv seçilib. AzƏOK Avropa və Beynəxlaq Ədalətli Oyunlar Təşkilatları ilə sıx əməkdaşlıq edir. 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və Assambleyası, 2015-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala gecəsi ölkəmizdə yüksək səviyyədə təşkil olunub. Gündəlik həyatda Olimpiya tərbiyəsinin, Ədalətli Oyunlar dəyərlərinin və prinsiplərinin vacibliyinə yönələn bütün təşəbbüslərə verdiyi hərtərəfli dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının “Şərəf” nişanı, 2015-ci ildə isə Beynəlxalq Ədalətli Oyunlar Təşkilatının xüsusi medalı ilə təltif edilib. 2015-ci ildə həmçinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva I Avropa Oyunlarının yüksək səviyyədə təşkilinə görə Avropa Ədalətli Oyunlar Hərəkatının xüsusi ordeni ilə təltif edilib.

Xəbər 1123 dəfə oxundu.