“Qəbələ” İstanbul nəhəngləri ilə bir arada
“Qəbələ”nin 14 yaşadək futbolçulardan ibarət komandası III Beynəlxalq Kuşadası turnirinə yollanır. İdman.com.az saytının məlumatına görə, aprelin 19-dan 23-dək keçiriləcək turnirdə Avropanın və Türkiyənin aparıcı klublarının komandaları da yarışacaq. Əsas mükafat uğrunda mübarizə aparacaq 24 komanda arasında "Galatasaray", "Fənərbağça", "Beşikdaş", "Nyukasl", "Anderlext", "Bröndbü" kimi tanınmış klublar yer alıb.

Reqlamentə görə 24 iştirakçı komanda hər birində 6 kollektiv olmaqla 4 qrupda mübarizəyə başlayacaq. “Qəbələ” qrup mərhələsində “Qalatasaray”, “Nyukasl”, “Dardanel”, “Danimarka FCN” və “Göztəpə” komandaları ilə qarşılaşacaq. Komandamız aprelin 19-da, yarışın ilk günü əvvəlcə “Dardanel”, ardınca isə “Galatasaray”la qarşılaşacaq. “Qəbələ” futbolçuları növbəti gün “Göztəpə” və “Nyukasl”dan olan yaşıdları ilə üz-üzə gələcəklər. Futbolçularımız üçüncü yarış günü “Danimarka FCN”dan olan yaşıdları ilə münasibətlərinə aydınlıq gətirəcəklər.

Qeyd edək ki, Qəbələ futbolçuları bu yarışda indiyədək iki dəfə iştirak ediblər. “Qəbələ” 2010-cu ildə turnirin ən ümidverici komandası mükafatına layiq görülüb. Ötən il isə 1/4 finala qədər irəliləyib və sonda 7-ci yeri tutub.


Xəbər 1083 dəfə oxundu.