Dövlət İdarəçilik Akademiyasında da təbliğ olundu
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ilə görüş keçiriblər. İdman.com.az saytının məlumatına görə, çempionatın ümumi tanıtması və könüllülük proqramının təqdim edildiyi tədbirdə tələbələrə böyük futbol turnirinə hazırlıq çərçivəsində görülən işlər haqda məlumat verilib, bu tip beynəlxalq tədbirin ölkəmiz üçün əhəmiyyəti ətrafında müzakirələr aparılıb.

Gənclər həmçinin FIFA-nın dünya çempionatları, qadın futbolu, Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşadək qızlardan ibarət yığmamız barədə məlumatlandırılıblar.

Tədbirdə həmçinin dünya çempionatında gənclər üçün yaradılmış ən geniş imkanlardan biri olan Könüllülük Proqramı, könüllü olmağın xeyirləri, perspektivləri və proqramda iştirak şərtləri ilə bağlı ətraflı şəkildə məlumat verilib. Təqdimat zamanı YTK əməkdaşları tərəfindən ünvanlandırılan sualları cavablandıran tələbələr dünya çempionatının rəsmi markalarını özündə əks etdirən müxtəlif növ hədiyyələr qazanıb.

Qeyd edək ki, çempionatın yerli və xarici şəxslərdən formalaşacaq 1000 nəfərlik könüllü komandasına qoşulmaq üçün ərizə qəbulunun son tarixi 2012-ci il mayın 12-dir. Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir.

Xəbər 6489 dəfə oxundu.