Üçüncü Dünya Köçəri Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib
İssık-Kul gölünün sahilində keçirilən üçüncü Dünya Köçəri Oyunlarının (DKO) təntənəli bağlanış mərasimi olub.

Qırğızıstanın dövlət himni səsləndirildikdən sonra ölkənin Baş naziri Muxammedkalıy Abduqaaziev DKO-nın başa çatması münasibətilə idmançıları, qonaqları və digər iştirakçıları təbrik edib.

Bildirilib ki, idmanın 37 növü üzrə yarışlarda dünyanın 80 ölkəsindən 3 minə yaxın idmançı iştirak edib. Tədbirə dünyanın 60 ölkəsindən 500-dən çox jurnalist qatılıb. Yarışlara dair xəbərləri bütün dünyaya yaydıqlarına görə jurnalistlərə minnətdarlıq edən Baş nazir növbəti Oyunların Türkiyədə keçiriləcəyini diqqətə çatdırıb.

Baş nazir DKO-nın bayrağını və simvolunu Türkiyənin mədəniyyət və idman nazirinin müavini Həmzə Erlikaya təqdim edib.

Həmzə Erlikay çıxışında deyib ki, Türkiyədə dördüncü Dünya Köçəri Oyunlarının açılışı 2020-ci il sentyabrın 2-də olacaq.

İdman bayramının təntənəli bağlanış mərasimi Qırğızıstanın və digər dövlətlərdən gələn incəsənət ustalarının böyük konsert proqramı ilə başa çatıb.

Xatırladaq ki, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev Köçəri Oyunlarında qonaq kimi iştirak ediblər.

Xəbər 574 dəfə oxundu.