Azərbaycanın U-21 millisi İsrail yığması ilə heç-heçə edib
U-21 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sentyabrın 6-da Bakıda İsrail yığmasını qəbul edib.

“Dalğa Arena”da keçirilən oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycan millisi görüşün 29-cu saniyəsində hesabı açıb. Yığmamızın heyətində Renat Dadaşov fərqlənib – 1:0. Lakin matçın 30-cu dəqiqəsində qonaqların heyətində Şon Vaysman hesabı bərabərləşdirib – 1:1. Oyunun sonuna yaxın – 86-cı dəqiqədə Azərbaycan futbolçuları qələbə qazanmaq üçün əlverişli imkan əldə ediblər. Belə ki, hakim qonaqların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Lakin Ziya Əzizovun zərbəsini qapıçı dəf edib və görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycanın 21 yaşadək futbolçuları növbəti görüşü sentyabrın 11-də Norveç yığmasına qarşı keçirəcəklər. “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbər 984 dəfə oxundu.