Dünya Köçəri Oyunları çərçivəsində keçirilən “Köçərilərin qızıl əsri” adlı teatrlaşdırılmış şouya azərbaycanlı qonaqlar da qatılıb
İssık-Kul gölünün sahillərində keçirilən III Dünya Köçəri Oyunları çərçivəsində “Kırçın” etnoşəhərciyində “Köçərilərin qızıl əsri” adlı teatrlaşdırılmış şou keçirilib.

Tədbirdə Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Macarıstanın Baş naziri Viktor Orban, hökumət və parlament üzvləri, elm, mədəniyyət, incəsənət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət olunan Milli Məclisin deputatı Hikmət Babaoğlu, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, “Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də tədbirdə iştirak ediblər.

Meydanda 1000-dən çox yurt - çadır salınıb, mərasim iştirakçıları burada qırğız xalqının tarixi, adət-ənənələri və milli mətbəxi ilə tanış olublar.

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov III Dünya Köçəri Oyunlarının başlaması münasibətilə iştirakçıları təbrik edib. Dövlət başçısı məlumat verib ki, bu gün Çolpon-Ata şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının altıncı Zirvə görüşü uğurla keçirilib. Görüşdə Azərbaycan, Qazaxıstan, Türkiyə prezidentləri iştirak ediblər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Macarıstanın Baş naziri Viktor Orban Şuranın iclasına qonaq kimi dəvət olunub. “Biz daha yaxından əməkdaşlıq etmək haqqında ümumi qərara gəldik. Mən çox şadam ki, estafeti Türkiyəyə verdik və 2020-ci ildə Köçəri Oyunları bu ölkədə keçiriləcək”, - deyə Sooronbay Jeenbekov bildirib.

Sonra qırğız çaparları teatrlaşdırılmış şou göstərib, tədbir geniş konsert proqramı ilə başa çatıb.

Xəbər 1555 dəfə oxundu.