Bolqarıstan üçüncü dəfə bədii gimnastika üzrə dünya çempionatına ev sahibliyi edəcək
Bolqarıstanda bədii gimnastika üzrə dünya çempionatının təşkilat komitəsi bazar ertəsi bəyan edib ki, ölkə yarışların keçirilməsi üçün hazırdır.

Rəsmi bəyanat turnirin təşkilat komitəsinin sədri, Bolqarıstan Bədii Gimnastika Federasiyasının prezidenti İliana Rayeva tərəfindən keçirilən mətbuat konfransında səslənib. O deyib: “Biz artıq finiş xəttindəyik. Əminəm ki, yarışların təşkili ən yüksək səviyyədə olacaq, çünki biz bu işə bütün sevgimiz və qəlbimizlə yanaşmışıq. Düşünürəm ki, qonaqlar razı qalacaq”.

Mətbuat konfransının keçirildiyi 70x29 metr sahəsi olan məşq zalında gimnastlar üçün dörd xalça sərilib və bütün lazımi avadanlıq yerləşdirilib. Əsas yarışlar sentyabrın 9-dan 16-dək məşq zalının xüsusi dəhlizlə birləşdiriləcəyi “Armeyets” arenasında olacaq.

Sofiyada keçiriləcək çempionata 60 ölkədən 900-dən çox qonaq, o cümlədən fərdi yarışlarda iştirak edəcək 176 və 36 komandanın tərkibində yarışacaq 215 gimnast gələcək.

Azərbaycan gimnastları da bu turnirdə fərdi və komanda yarışlarında iştirak edəcəklər.

Bu yarışlar Bolqarıstanın ev sahibliyi etdiyi üçüncü dünya çempionatıdır. 1969-cu və 1987-ci illərdə də dünya birinciliyi bu ölkədə keçirilib.

Xəbər 769 dəfə oxundu.