“Qarabağ” klubu “Şerif”in qapısından üç cavabsız top keçirib
Avqustun 30-da Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının play-off mərhələsi çərçivəsində cavab matçında Moldovanın “Şerif” komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ”ın start heyətində Vaqner, Qara Qarayev, Maksim Medvedev, Simeon Slavçev, İnnosent Emeqara, Mahir Mədətov, Rəşad Sadıqov, Abdellah Zubir, Filip Ozoviç, Bədəvi Hüseynov, Donald Qerrye yer alıblar.

“Şerif”in ilk onbirliyində isə meydana Sergey Paşenko, Jo Santos, Kristiano, Georqi Anton, Petru Raku, Vladimir Kovaçeviç, Ziqi Badibanqa, Mateo Suşiç, Rifet Kapiç, Viçeslav Posmak və Aleksander Boyçuk çıxıblar.

Oyunu Makedoniyadan olan hakimlər briqadası idarə edib. Görüşün baş hakimi Aleksander Stavrev olub.

“Qarabağ” oyuna itkilərlə çıxıb. Miçel və Dani Kintana zədə üzündən meydana çıxmayıblar. “Şerif”in heyətində isə zədəli futbolçu olmayıb.

“Qarabağ” komandası erkən qolla oyunda hesabı açıb. Matçın 9-cu dəqiqəsində Abdellah Zubirin ötürməsindən sonra Maksim Medvedev dəqiq zərbə ilə oyunda hesabı açıb – 1:0.

Matçın 42-ci dəqiqəsində “Qarabağ” komandası “Şerif” klubunun qapısından ikinci topu keçirib. Filip Ozobiçin künc zərbəsindən hava ötürməsini Donald Gerye başla dəqiq tamamlayıb – 2:0.

Görüşün ilk hissəsi Ağdam təmsilçisinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qarşılaşmanın 55-ci dəqiqəsində Filip Ozobiç cərimə meydançasının kənarından qüvvətli zərbə ilə “Qarabağ”ın üçüncü topunu “Şerif”in qapısından keçirib.

Komandaların cəhdlərinə baxmayaraq, qalan dəqiqələrdə qapılara top vurulmayıb. Beləliklə, iki oyunun nəticəsinə görə 3:1 hesabı ilə qalib gələn Ağdam təmsilçisi tarixində dördüncü dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü avqustun 31-də atılacaq.

Xəbər 1107 dəfə oxundu.