Həzi Aslanov turnirində yeni ənənə
General Həzi Aslanovun xatirəsinə həsr olunmuş ənənəvi beynəlxalq cüdo turniri bu dəfə Astarada keçirilib



Aprelin 14-15-də Astara Olimpiya İdman Kompleksində iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə XXXV ənənəvi beynəlxalq turnir keçirilib.
Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə keçirilən turnirdə 5 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan və Gürcüstandan 200 nəfərə yaxın idmançı mübarizə aparıb.
Qeyd edək ki, indiyədək bu turnir həmişə Bakı şəhərində təşkil edilirdi. İlk dəfə onu paytaxtdan kənarda keçirməklə təşkilatçılar yeni ənənənin əsasını qoyublar. Yəqin ki, növbəti illərdə də bu yarışı ölkəmizin digər şəhərlərində keçirməklə, bölgələrdə idmana marağın daha da artmasına təkan vermiş olacaqlar.
İki gün davam edən beynəlxalq turnirin iştirakçıları və qonaqlar əvvəlcə Lənkəran şəhərindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər. Sonra Həzi Aslanovun şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, orkestrin müşayiəti ilə xatirə paradında iştirak ediblər.
Burada keçirilən mərasimdə çıxış edən polis general-mayoru Həzi Aslanov beynəlxalq turnirin keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib, turnirin təşkilatçılarına minnətdarlığını bildirib. Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, müdafiə nazirliyinin əməkdaşı, polkovnik Abdulla Qurbani, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov xalqımızın qəhrəman oğlu Həzi Aslanovun keçdiyi ömür və döyüş yolundan danışıb, beynəlxalq turnirin iştirakçılarına uğurlar arzulayıblar.
Daha sonra qonaqlar Həzi Aslanovun ev-muzeyinə gələrək, qəhrəmana aid eksponatlarla tanış olub, burada xatirə şəkli çəkdiriblər.
Tədbir Astara rayonunda davam edib.
İdmançılar və qonaqlar Astara şəhərindəki Heydər Əliyev Parkında ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində ulu öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlarla tanış olublar.
Sonra Astara Olimpiya İdman Kompleksində cüdo üzrə XXXV ənənəvi beynəlxalq turnirin açılışı olub. Turnirdə iştirak edən komandaların üzvləri idman zalında musiqi sədaları altında dövrə vurublar.
Mərasimdə çıxış edənlər ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, martın 13-də açılışında Prezident İlham Əliyevin iştirak etdiyi Astara Olimpiya İdman Kompleksində ilk dəfə keçirilən beynəlxalq turnirin əhəmiyyətini yüksək qiymətləndirib, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.
Tamaşaçılar mərasimdə teatrlaşdırılmış səhnələri maraqla izləyiblər. Altmış yeddi il sonra rəmzi olaraq Həzi Aslanovun döyüşçüləri ilə birlikdə maşınla zala daxil olmasını iştirakçılar sürəkli alqışlarla qarşılayıblar. Lənkəran Dövlət Dram Teatrının aktyorlarının ifasında hərbi vətənpərvərlik mövzusunda müxtəlif səhnələr nümayiş etdirilib.
Turnirin birinci günü müxtəlif çəki dərəcəsində qaliblər müəyyən olunub. Oğlanların yarışında Gürcüstan idmançısı Georgi Ukmilidze 50 kq, azərbaycanlı cüdoçular Murad Heydərli 55 kqvə Çingiz Əhmədov 60 kq; qızların yarışında Qazaxıstan nümayəndəsi Sain Abiya 40 kq, azərbaycanlı idmançı Nəzakət Xəlili 57 kq, gürcü Ani Miqiaşvili 63 kq, azərbaycanlı pəhləvanlar Türanə Ağayeva 70 kq və Nərminə Əlizadə +70 kq çəki dərəcələrində birinci yeri tutublar.
İkinci gün qazaxıstanlı Əzizə Baktibay 44 kq, azərbaycanlı cüdoçular Nəriman Əhmədov 46 kq, Aksana Əhmədova 52 kq, Naim Hüseynov 66 kq, Rəşad Quliyev 81 kq və Məhəmməd Məhərrəmov 90 kq, gürcü Jaba Liparteliani 73 kq və Bakari Kuxianidze +90 kq çəki dərəcələrində turnirin qalibi olublar.
Ümumi komanda hesabaında Azərbaycan birinci, Gürcüstan ikinci, Qazaxıstan üçüncü, Rusiya komandası isə dördüncü yerləri tutublar.
Qaliblərə medallar, diplomlar və qiymətli hədiyyələr təqdim edilib.

Xəbər 1534 dəfə oxundu.