“Grand Chess Tour” finalçılarının adları açıqlanıb
Dekabrın 11-dən 17-dək Londonda keçiriləcək “Grand Chess Tour 2018” seriyasının final turnirində amerikalılar Hikaru Nakamura, Fabiano Karuana, erməni Levon Aronyan və fransız Maksim Vaşye-Laqrav mübarizə aparacaqlar.

Dünya çempionu adına yeni iddiaçı cəmi bir neçə gündən sonra norveçli Maqnus Karlsenlə şahmat tacı uğrunda mübarizə aparmalıdır.

Bununla yanaşı, finalçıların dördlüyünə daxil olmaqdan ötrü Fabiano Karuana ötən çərşənbə amerikalı Uesli So ilə əlavə oyun keçirmək məcburiyyətində qalıb. Hər iki qrossmeyster seriyanın dörd mərhələsinin yekunlarına görə eyni nəticə göstərib. Qarşılaşma 1,5:0,5 hesabı ilə Fabiano Karuananın xeyrinə başa çatıb.

“Grand Chess Tour 2018”in finalı nokaut sistem üzrə keçiriləcək. Rəqiblər klassik nəzarət vaxtı rejimində iki partiya oynayacaq, heç-heçə olacağı halda sürətli nəzarət vaxtı üzrə tay-breyk aparılacaq.

Xəbər 874 dəfə oxundu.