Azad Rəhimov: “2016 bizim üçün yaxşı təcrübə oldu”
Gənclər və idman naziri Azad Rəhimov beynəlxalq “İnside the games” portalına müsahibə verib.
Nazir müsahibəsində bildirib ki, Doha, İstanbul, Madrid və Tokiyo kimi rəqibləri ilə birgə, Milli Olimpiya Komitələrinin Baş Assambleyasında etdiyi yüksək səviyyəli təqdimatı ilə Bakı-2020 nümayəndə heyəti hər kəsi heyrətləndirə bildi.
Ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın 10 dəqiqəlik təqdimatına Hollivud rejissoru Rupert Vaynraytın çəkdiyi qısa film daxil edilmişdi ki, bu da böyük sürpriz oldu.
Nazir Azad Rəhimov qeyd edib ki, Rusiyada 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsinin icraçı direktoru Aleksey Sorokinin fikrincə, Azərbaycan həqiqətən 2020-ci il Yay olimpiya və paralimpiya oyunlarına ev sahibliyi etmək hüququna layiqdir.
Azad Rəhimov müsahibəsində onu da bildirib ki, Azərbaycanın təqdimatı mübarizə yolunda böyük dönüşə səbəb ola bilər. Bakının 2016-cı il Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində mübarizə birinci mərhələdə uğursuz olsa da, bu bizim üçün böyük təcrübə oldu: “2016 bizim üçün yaxşı təcrübə oldu. Biz bu dəfə daha yaxşı hazırlıqlıyıq. 2020-ci il üçün konsepsiyamızı daha dəqiq hazırlamışıq. Bizim beynəlxalq tərəfdaşlarımızdan biri Pekin-2008, Vankuver-2010, Soçi-2014, Pyeonqçannq-2018 və Rusiya-2018 FİFA Dünya Kuboku qələbələrini qazanmış Helius Partnersdir.”
Beynəlxalq Olimpiya Komitəsi və beynəlxalq idman federasiyalarının nümayəndələrindən çox müsbət rəylər aldığını qeyd edən nazir deyib ki, 2016-cı ilə namizəd olarkən, yazırdılar ki, Bakının namizədliyi ciddi deyil: “Lakin bu dəfə münasibət tam fərqlidir. Artıq dünya bizə başqa gözlə baxır”.

Xəbər 1026 dəfə oxundu.