“Avro-2020" şansı ilə dəyər qazanan turnir başlanır
2018-ci il yanvarın 24-də Avropada, nəhayət ki, hələ Platini dövründən haqqında bəhs edilən daha bir tarix həqiqətə çevrildi. Futbol aləmində yer alıb-almayacağı, özünü doğruldub-doğrultmayacağı məlum olmayan Millətlər Liqasının püşkatma mərasimi ilə yol başlandı.

Ehtiyatlı davranmağa vadar edən səbəblər də var. Təqvimin rəsmi yarışlarla yüklənməsi, Millətlər Liqasına verilən imtiyazlar və s. bu kimi məsələlər mərhələlərlə həllini tapmalıdır. Bu yarışın aqibəti, açığı, ona güclü futbol ölkələrinin münasibətindən asılı olacaq.

Hələ 2014-cü ilin martında özü və adı təsdiq olunaraq, formatı elan edildiyi vaxt Millətlər Liqasının əsas məqsədi keyfiyyəti aşağı düşməkdə olan yoxlama-matçların azaldılması göstərilirdi. Əslində, bu, sadəcə, bir bəhanə idi. Məqsəd kommersiya maraqlarını kökləmək və futbolun biznes formulunu möhkəmləndirməkdir. Yarışı daha maraqlı və diqqətəlayiq etmək üçün plan da pis düşünülməyib - seçmə xarakterlidir. Üstəlik, final mərhələsinə seçilmək imkanı bütün divizionlara verilib. Daha kəsərli, yoxsa zamanla liderlərin qıcanan dişinə və etirazına səbəb olacaq prinsip bu yarışı ucalda, ya da məhv edə bilər. Hələliksə, hərənin öz boyuna uyğun rəqiblə yarışması aranı daha da qızışdıracaq. Bu ən aşağı divizionda - "D" liqasında yer almış Azərbaycan milli komandasına da şans verir. Hələ komandamız bu turnirə yeni kursu, yeni, ən əsası, milliləşdirilmiş, özü də həm klub, həm də millidə başçı olacaq sükançısı, yeni dəst-xətti, yeni prinsipləri ilə başlayacaq. Bir sözlə, sınaq sınağa qarışacaq.

Püşkatma nəticəsində yığma 3-cü qrupa düşüb və burada Kosovo, Malta və Farerlərə rəqib olub. Qrup yarışına elə bu il nöqtə qoyulacaq. Bu da onu maraqlı edən daha bir cəhətdir.

Əlbəttə, divizionlar səviyyə fərqi ilə bəlli olursa, komandamız üçün hansısa müşkül və ya asan rəqibdən danışmaq doğru olmaz. Məqsəd və vəzifə bir olmalıdır: yekun qələbə. Amma komandamızı favorit adlandırmaq da doğru olmaz. Yeni məşqçi korpusunun ilk addımları konkret ümiddən danışmağa da əsas vermir. Millimiz ötən seçmə mərhələni tarixinin yüksək nailiyyəti ilə başa vursa da, Farerlər də ötən təsnifat dövrünü eyni uğurla tamamlayıblar. Malta da qəfil partlamağı bacarır və əsaslı iştahı da yerindədir. Kosovo isə əsl sürpriz komandadır. Futbolda müstəqil addımlarını hələ indi-indi atan bu məmləkətin əsas futbolçuları ölkə xaricində çıxış edir. Yeri gəlmişkən, ötən kiçik müstəqil futbol dövrü ərzində indiki rəqibi Farerlər üzərində qələbəsi də var (2016-cı ildə 2:0 hesabı ilə). Keçən il Latviyanı da məğlubiyyətə uğradıblar.

Bir detalı da unutmayaq: ötən seçmə mərhələdə yeganə xalını finlərdən almış Kosovo buna səfərdə nail olub.

Bir sözlə, rəqiblərimiz də yaxşı bilirlər ki, qrup qalibi yuxarı diviziona vəsiqə əldə etməklə yanaşı, "Avro-2020"yə də vəsiqə uğrunda mübarizə aparmaq imkanı əldə edəcək. Bir sözlə, kiçik və böyüklüyündən asılı olmayaraq, sentyabrın qədəmləri ilə Avropa futbolu yeni yarışın tarixi sayğacını işə salacaq və onun təkcə iştirakçıları deyil, həm də qalibləri arasında milli komandamızı görmək bu tarixi əbədi yaddaşa salmaq deməkdir.

Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo, sentyabrın 10-da isə səfərdə Malta yığması ilə qarşılaşacaq, milli komanda hazırlıq məqsədilə bu gündən təlim-məşq toplanışına yığışır. Qurban Qurbanov heyəti açıqlayıb: Kamran Ağayev ("Keşlə"), Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Emin Mahmudov, Namiq Ələsgərov, Rəhman Hacıyev (hamısı - "Neftçi"), Emil Balayev, Rahid Əmirquliyev, Ruslan Qurbanov ("Səbail"), Maksim Medvedev, Bədəvi Hüseynov, Rahil Məmmədov, Qara Qarayev, Coşqun Diniyev, Mahir Mədətov (hamısı - "Qarabağ"), Təmkin Xəlilzadə, Urfan Abbasov, Cavid Hüseynov, Rauf Əliyev ("Qəbələ"), Bəxtiyar Həsənalızadə ("Sumqayıt"), Pavlo Paşayev ("Aleksandriya", Ukrayna), Cavid İmamverdiyev ("Sabah"), Riçard Almeyda ("Astana", Qazaxıstan), Dmitri Nəzərov ("Aue", Almaniya), Ramil Şeydayev ("Krılya Sovetov", Rusiya).

BATI YAR


Xəbər 1439 dəfə oxundu.