“Qarabağ" və qalanları...
Və ya natamam ümidlər çempionatı başlandı

Milli futbol mövsümünün ilk yazılan sətirləri ötən şənbə günü evində oynaya bilməyən "Sumqayıt"ın "Neftçi"ni uzaq-yaxın "Dalğa Arena"da qəbul etməsi oldu.
Hərçənd açılış matçını, təqvimə görə, çempion "Zirə" ilə keçirməli idi. Avropada növbəti dəfə əsas (bu dəfə həm də yeganə) ümidimiz olan "Qarabağ" Çempionlar Liqasının təsnifatında cavab görüşünün əhəmiyyətini nəzərə alaraq, çempionatdakı qonağını sentyabrın 26-da qəbul edəcək. Ona verilmiş bu hüquq əvvəldən elan edilib.

Təbii ki, mövsüm haqqında ilk sözlər yalnız hazırlıq dövrü ilə müqayisəli şəkildə proqnozlarla verilə bilər. Lakin 8 komandanın hər birinə bir daha nəzər salanda, bu çempionatın da alayarımçıq, ən yaxşı halda natamam olacağı aydındır. Çünki normal yarış, potensial imkanlara görə, favoritlər və autsayderlərlə yanaşı, ortababların da iştirakı ilə keçməlidir. Özü də bu ortabablar nə şiş, nə kabab olmamalıdır. Futbolu yönəldənlərimiz hələ də "qızıl orta" anlayışını "qızılı" da demirəm, heç olmazsa, "qızılımtıl" həddində də qəbul etmək istəmirlər - ona doğru addım atmaq niyyətində də deyillər, deyəsən. Axı, bunun "qızıl qayda"sı da məlumdur: elitar klublara, yəni üstqurumlara dəstək olmaqdansa, həmin vəsaiti altqurumlara, yanqurumlara və s. təbəqələrə sərf etmək daha məqsədyönlüdür. Belə olduqda, tənbəl, inkişafa meyl etməyən, hətta yerindən tərpənmək istəyənlərə də maneə olan bir icma, sözün kəsəsi, qeyri-nikbin mühit yaranır.

"Qeyri-nikbin" ifadəsi, ilk baxışda "bədbin" kəlməsindən yaxşıdır, amma daha təhlükəlidir: bədbinin son sığınacağı məlumdur, qeyri-nikbin isə daha çox unutqanlığa yaxın, çıxışı olmayan bir pat vəziyyətinə sürüklənəndir.

Əlbəttə, prinsipial maliyyə, sistem və s. tələbləri, şərtləri anlamaq və dəstəkləmək lazımdır. Yarıyolda "mənə kömək" deyə hay-küy salıb, yalvarıb, axırda oyun alqı-satqısına vərdişkar olacaq virus komandaların heç olmaması daha yaxşıdır. Bax, elə buna görə də, AFFA hətta milli komanda səviyyəsində belə xərclədiyi pulların çox böyük qismini məhz futbol mühitinin formalaşdırılmasına yönəltməlidir ki, qarşıdakı illərdə məhz bununla yerlərdə futbolun inkişafına, bununla da özünün yüksəlişinə dəstək olsun. Yoxsa futbolumuz özünü peşəkar sayan nadanların əlində oyuncağa çevriləcək. Bununla AFFA-nın da özü zərbə altında qalmaq təhlükəsi ilə üzləşəcək. Bir sözlə, sağlam mühit daralmaqdadır.

Bu mövzunu mövsüm boyu diqqətdə saxlayıb, keçək, yeni başlayan yarışın əsas məqamlarına. Mövsümün "Qarabağ"ın mütləq favoritliyi şəraitində keçəcəyi ehtimal olunur. Hətta ən güclülər belə, deyəsən, bu aqibəti ilə barışıb və Avropa Liqası uğrunda rəqiblərə köklənib. Amma bu məğlubluq düşüncəsi ilə işə yanaşanlar üçün təkcə mövsümün özünü deyil, futbolu bitmiş saya bilərik. Bu təfəkkür nə sistem, nə də təsərrüfat anlayışının irəli getməsinə səbəb ola bilər. Əksinə, indi "Qarabağ"a rəqib olmaq daha çox mümkündür; inam, bir az da oyun bacarmaq lazımdır. Üstəlik, çempion Avropada qala bilsə, işlər lap rəvanlaşacaq. Çünki Qurban Qurbanovun məşqçi kimi idarəedici ənənəsinə sadiq qalacağı aydın görünür. Onun dəyişmək istədiyi komanda düzəni, potensialı ilə əvvəlkindən fərqlənsə də, yenə mütəxəssisin düşüncə çərçviəsinə girməkdədir. Klubun problemləri buradan başlanır. Bundan mövsümün gedişində özünə güvənən hər bir klub yararlana bilər. İndi görək buna can atmaq istəyən varmı?

Digər klublardan az-çox "Neftçi" buynuzunu itiləyənə oxşayır. Çox maraqlıdır ki, rəqiblər çempionluqdan bəhs etmir. Hətta 2-ci yerdən, ya da kubokdan bəhs edəni də yoxdur. Yəni həmin yerlər "Qarabağ"la "Neftçi"nindir - mövsümün iştirakçıları belə düşünür. Halbuki "Keşlə"nin keçənilki nümunəsi çoxlarının iştahını açmalı, onu diş altına qaytarmalı idi. Əfsuslar ki, builki mövsüm "əsas vəzifə Avropa Liqasına vəsiqə verən yerlər uğrunda..." kimi ifadələrin təbiri altında başlanır. Hətta, yeri gələndə, "Sabah"ın da bu 3-cülüyə və 4-cülüyə iştahı var. Bundan qalan klublar utanmalıdırlar. Əlbəttə, reallığın gözünə düz baxaraq, bu ifadələri söyləyənləri anlamaq istərdim - amma olmur. Bax, elə buna görə ötən illərdə də deyirdik ki, bir-birini "qızıl ortasız" təqib edən mövsümlər belə qorxaqların yığnağına, yarışına çevrilir.

Təsəvvür edin ki, 6 klub mövsümə yeni sükançı ilə başlayır - yalnız çempion və maraqlıdır ki, ötən mövsümün ən uğursuzu da saya biləcəyimiz "Zirə" baş məşqçisini dəyişməyib. Lakin "Zirə" tamamilə yenidən qurulmağa başladığı üçün ehtiyatlı sözlər deyilir. "Sumqayıt" da tamamilə yenidən qurulur. Ancaq əvvəlki mövsümü yüksək notla keçirən "Zirə", ötən mövsüm ilk dəfə iddialılığın nə olduğunu duyan "Sumqayıt"ın rəhbərliyinin bu söz oyununu anlamaq mümkün deyil. Belə çıxır ki, həmin uğurlu dövrlər, sadəcə, bir təsadüf imiş. Yəni komandalarda bu illər ərzində heç bir iş görülməyib və onlar taxtadan qalxmaq istəyəndə "tap" edib düşdükləri üçün, "Gülsənəm" onları hər an "hap" edə bilər. Amma birdən "hap" edə bilməsə, siz bu klubların dikələn başını, dəyişən oturuş-duruşunun həngaməsindən ehtiyatlanın və qorunun...

Belə götürəndə, "Səbail" də ilk mövsümünü yola verə bildiyindən tamamilə yenidən qurulur, elitaya yüksələn "Sabah" da dişini itiləyə bilmək üçün başdan-ayağa dəyişir. "Keşlə" də qısa müddətdə artıq üçüncü məşqçini sayır və rəhbərliyin sonrakı qərarı da şübhə doğurur. "Qəbələ" də onlardan geri qalmır. İllər ərzində dəfələrlə qeyd etdiyimiz bəhərsiz ağacdan bərk yapışıb, onu bəsləyən klubun söz sahibləri indi həmin ağacı yenidən budamaqla effektsizliyi aradan qaldırmaq istəyirlər. Bəs bunun bioloji əsasları hara getdi, axı, hər ağacın budanması əsas deyil, çünki budanmayanda cır məhsul verir. Bar verən ağacın əkiləcəyi yerdən, səmtdən tutmuş ona qulluğun da öz tələbləri və şərtləri var. Budamaq onun ən son mərhələsidir...
"Neftçi" də yenidən qurulur. Avropa rüsvayçılığından əvvəl özünü itirib başı gicəllənən klubun ilk turda ən böyük qazancı heç qələbə də deyil: "ağ-qaralar" bu oyunla həmin biabırçılığı birüzə vermədən həzm etməyə yaxın olduqlarını göstərdilər və "selavi" prinsipi ilə "həyata davam" demək istəyirlər. Əvvəlki illərdə "Neftçi"yə tələb silkinib ayaq üstə durmaq idisə, post-Tərlan "Neftçi"sinə tələb, tərlan qanadı sallamaq olmasa da, "Qarabağ"a diş qıcamaqdır. Bunu bacara bilən heyət də var. Lakin rəhbərlik və məşqçi korpusunun futbolu anlaşması olsa, daxili təzyiqlərə tab gətirməyə qüvvə tapılsa, bəlkə də mövsümün xilası elə "Neftçi"nin hazırlıq formasında oldu. Axı, "Qəbələ" də daxil olmaqla, qalan komandaların avazı hələlik yaxşı deyil. Ümid edək ki, onların iştahı heç olmasa diş altında qalıb, ağızlarının dadı tam qaçmayıb və kiçik bir uğuru söz deyil, əsl oyun iddiasına çevirə biləcəklər. Yoxsa mövsüm, ən yaxşı halda, "Qarabağ" və onun milli komandası" adı altında keçəcək. Arzu edək ki, bu olmasa da, "Qarabağ" və qalanları" ifadəsini deyə biləcəyik. Ən pisini güman etmək belə istəmirəm. Çünki qalan "Qarabağ və ..." ifadələrində nöqtələrin yerinə qoymağa yaxşı heç nə yoxdur.

BATI YAR

Xəbər 1267 dəfə oxundu.