Georgi Adamiya: “Ardıcıl oynamaq istər-istəməz adamı gərginləşdirir”
““Bakı” son oyunda “Xəzər Lənkəran”ı böyük hesabla yenərək, yaxşı əhval-ruhiyyə qazanıb. Həm də demək olar ki, rəqibimiz əsas hədəfinin kubok olduğunu gizlətməyib. Öz meydanlarında oynadıqlarına görə sərfəli nəticə qazanmağa çalışacaqlar”.

İdman.com.az saytının məlumatına görə, bu fikirləri “Qarabağ”ın gürcü futbolçusu Georgi Adamiya deyib. Təcrübəli hücumçu klubunun rəsmi saytına açıqlamasında sonuncu çempionluğunu 3 il öncə heyətində qazandığı “Bakı” ilə qarşıdakı sınaq haqda fikirlərini açıqlayıb.

Adamiyanın sözünə görə, rəqibi üzərində cari mövsümdə hər 3 oyunda qalib gəlmələri arxayınçılığa əsas vermir: “Düzdü, bu mövsüm baş tutan hər 3 oyunda qələbə qazanmışıq. Amma bu daha çox “Bakı”nın yaxşı motivasiya olmasına şərait yaradıb. Axır zamanlar oyun planında da artırıblar. İndi ardıcıl 3 dəfə “Bakı” ilə oynayacağıq. Eyni komanda ilə ardıcıl oynamaq istər-istəməz adamı gərginləşdirir. Kuboku qazanmaq? Hər şeyi pillə-pillə etmək lazımdır. Təbii ki, niyə istəmirəm ki, ən sonda biz sevinək?”.

Georgi hər şeyin aprelin 21-də Ağdamdakı cavab matçında həll olunacağını düşünür: “Deməzdim ki, sabahkı oyun həlledici olacaq. Məncə, hər şey cavab oyununda bilinəcək. Üstəlik, arada heç də az əhəmiyyəti olmayan çempionat oyununda üzləşəcəyik. Belə baxanda, “Bakı”nın çempionatda mükafatçı olmaq şansı qalır. Bundan istifadə etmək istəyəcəklər. Bizi çox çətin 3 oyun gözləyir”.

Xəbər 1065 dəfə oxundu.