Çempionu çempionluqdan cəmi 3 xal ayırır
Anlaşılmazlıq ya səhlənkarlıq – fərqi yoxdur: bir səhv cənublu azarkeşi Avrkuboksuz qoya bilər

Ötən həftə hadisələrlə o qədər zəngin olub ki, hər biri haqqında xeyli mülahizə yürütmək olar. Təbii ki, ilk növbədə, «Xəzər Lənkəran»ın bu mövsüm üçün bütün niyyətlərini puç həddinə çatdırmağa yaxın olan FİFA-nın cəzasıdır. Bu hadisə komandanın ötən turdakı oyununa da təsir göstərməklə yanaşı, keçənilki çempionun bu dəfə də çempionatı qələbə ilə erkən başa vurmasını sürətləndirə bilər. Eyni zamanda, Avropa kubokları uğrunda da mübarizə xeyli səngimiş oldu.
Hələ 2010-cu il oktyabrın 13-də «Xəzər Lənkəran»dan ayrılmış Romulu Silvanu Silva FİFA-ya şikayət edərək, klubun ona borcunun ödənilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdi. Məsələ ilə bağlı beynəlxalq qurum Azərbaycan klubuna ötən il oktyabrın 21-nə qədər vaxt vermiş, 114 min dolların ödənilməsini və illik 5 faiz cərimə kəsmişdi. Klub məbləği ödəmək üçün lazımıi vəsaitin olmamasını səbəb göstərərək, vaxt istəmiş və ona bir ay müddət verilmişdi. Keçən il oktaybarın 30-da FİFA komandaya 15 min İsveçrə frankı cərimə kəsərək, yenidən 30 gün vaxt vermişdi. Lənkəranlılar bu il fevralın 9-da əsas borcu ödəsə də, gecikməyə görə, cərimənin 7573 dollarlıq hissəsi ödənilməyib və buna görə də komandanın 6 xalı silinib və işin icrası AFFA-ya tapşırılıb.
Bununla razılaşmayan və məbləği tam ödədiyini, iddia edən yaxud ödəmə əməliyyatı zamanı məbləğin bir valyutadan digərinə çevrilməsi zamanı buraxıla biləcək bank səhvinə görə 6 xalının silinməsi ilə barışmayan «Xəzər Lənkəran» Beynəlxalq İdman Arbitraj Məhkəməsinə müraciət etmək niyyətindədir.

Məsələnin nə ilə tamamlanacağını gözləmədən, artıq bəzi fikirlər yürütmək olar. Təbii ki, günahı Azərbaycan klubunda axtarmaq lazımdır. Səbəblər də aydındır. Problem «Xəzər Lənkəran»ın futbolçu ilə anlaşa bilməməsi əsasında yaranıb və FİFA bununla bağlı, öz qanun-qaydalarına uyğun qərarını verib. Cərimənin ödənməməsi və ya onun bir məzənnədən digərinə konvertasiyasında yaranmış problem də bu qurumu heç maraqlandırmır. Çünki onun qərarında ödəniləcək məbləğ tam aydın göstərilib. Hər halda, hələlik ortada olan faktlar əsasında görünən mənzərə budur. Hərçənd cənublular iddia edirlər ki, ortada başqa məqamlar var. Lakin bununla bağlı hansısa dəlil və ya səbəb konkretləşməyib. Təbii ki, belə olarsa, biz də sevinərik. Çünki hər hansı anlaşılmazlığa, meydandan kənarda baş verənlərə görə iddialı klubun beynəlxalq arenadan kənar qalması xoşagələn hal olmaz. Bunda məşqçi və oyunçu heyətinin, ələlxüsus da, azarkeşin heç bir günahı yoxdur. İstənilən halda klubun rəsmiləri də günahsız deyil. Klub, daha dəqiq desək, onun maliyyə-mühasibat və beynəlxalq məsələlər üzrə məsuliyyət daşıyan şöbəsi cərimənin tam ödənilməsinə və və məbləğin ünvanına tam çatmasına nəzarət etməli, prosesi izləməli idi.

Klublarımızın bu tip məsələlərdə acizliyini birinci dəfə deyil görürük. Bundan əvvəl «Bakı»nın Avrokubokda texniki məğlubiyyət alıb yarışdan kənar qalmasını və onun acı nəticəsini də görmüşdük. Bütün bunlar hamısı klubların lisenziyalaşdırma kimi məsələlərə diqqətsiz yanaşmalarından irəli gəlir. Bu da səbəbsiz deyil. Əksər komandalarımızda iş prinsipi qeyri-peşəkarlıqla və vəzifə bölgüsü ilə aparılmır. Buraxılan səhvlərə görə məsuliyyət daşıyan da buna görə olmur. Adi bank hesabında bu qədər səhvə yol verilirsə, mühasibat sisteminin daha dərin və çətin sahələrində necə peşəkar iş görülə bilər?
Bu mövzuda çox söz açmaq olar. Lakin keçək əsas məsələyə. Ötən tur «Neftçi» çempionluğun bir addımlığına gəlib çatıb. Klub erkən vurduğu iki qolla «İnter»dən – ən prinsipial rəqiblərinin birindən qızıla bərabər 3 xal qoparmaqla, mövsümün ən vacib sualını çözdü. İndi komandanın dalbadal ikinci zəfərinə gələn tur da kifayət edə bilər. İstənilən halda, sonrakı oyunlara ölkənin ən titullu klubu daha rahat çıxacaq. «Neftçi»yə cəmi 3 xal lazımdır. Özü də fərqi yoxdur: xalı «ağ-qaralar» özləri qazanmasalar da olar; rəqibin itirəcəyi xallarda «Neftçi»nin xeyrinə işləyəcək.
Artıq digər iddialılar, Avropa Liqasını düşünərək, gərginlikdə qalacaqlar. Çox maraqlıdır ki, final mərhələyə qədər inamlı görünən və bütün klublardan daha sanballı və məzmunlu oyun nümayiş etdirən «İnter» birdən-birə özünü itirib. Rəqiblərinə bir neçə variantda oyun təklif edən komanda, indi həmin rəqiblərdən ard-arda zərbələr yeyir. Buna qədər bəzən «İnter»ə qalib gəlmək üçün rəqiblərinin imkansızlığı və acizliyi aşkar hiss olunurdusa, indi «beynəlmiləlçilər» özləri çarəsiz görünürlər. Səbəb isə müəmma olaraq qalır.
Ötən turun uğursuzları sırasında «Qarabağ» xüsusi qeyd oluna bilər. Çempionluğa əsas iddialı «Neftçi»dən çox geri qalsa da, «Qarabağ» elə bu tur «İnter»in məğlubiyyəti və «Xəzər Lənkəran»ın itirdiyi 6 xal və daha bir məğlubiyyətindən tam istifadə edərək, Avropaya lap yaxınlaşa bilərdi. Ağdam təmsilçisinin yarışın bu dövründə qüvvələri, məncə, düz bölüşdürə bilməməsi çox təhlükəlidir. «Qəbələ» asan rəqib olmasa da, komanda lənkəranlıların yaratdığı fürsətdən məhz bu tur yararlanmağa çalışmalı idi. Buna imkan və potensialı da var. Hesabda geri düşdükdən sonra ağdamlılar bunu əyani nümayiş etdirməyə çalışdılar. Əlbəttə, buna qədər də «Qarabağ» öz tempi ilə oynayırdı. Lakin bu heç də onun əsl quruculuq niyyətindən xəbər vermirdi. Komanda «fürsət düşərsə» prinsipi ilə qol vurmağa çalışır və əks halda heç-heçəyə ümid edirdi.

Eyni sözləri «Xəzər Lənkəran» haqqında da söyləmək olar. Komandanın «Bakı»ya böyük hesabla uduzmasının təməlində məhz oyun ritminin lazım olan istiqamətə yönəldilməməsi dayanırdı. Son xəbərlərin düzgün qiymətləndirilməməsi sayəsində, komanda artıq avrokuboklardan hər itkisində bir addım da geri düşəcək. Hərçənd əsas ümidini kuboka dikmiş «Bakı»nın vəziyyəti çətin olan «Xəzər Lənkəran»ı da iddialılar sırasından çıxarmaq istəməsi və buna görə də oyuna köklənməsi təbiidir. Qarşıdakı gün kubok uğrunda mübarizədə nisbi sakitlik yaratmaq üçün «Bakı», ən azı, yarımfinal rəqibinin, necə deyərlər, «başının altına yastıq qoymalı» idi və bunun da öhdəsindən məharətlə gəldi. İndi «Bakı» «Qarabağ»la kubok duelinə daha inamlı və əmin çıxa bilər. «Qarabağ»ın isə sabahkı oyunda bir məqsədi ola bilər: mövsümü iki tituldan biri ilə başa vurmaq. Çünki komanda çempionat xətti ilə Avropaya artıq çox yaxındır.
Keçən tur aşağılarda da yeni kəskin rəqabət dövrünün işartıları peyda olub. «Sumqayıt», nəhayət ki, qələbə həsrətinə son qoydu və indi «Turan»dan cəmi 3 xal geridədir. Ötən oyun günü, AzAL-dan sonar, «Rəvan» da elitadakı yerini rəsmiləşdirdi. Əslinə qalsa, nəinki «Rəvan»,hətta «Kəpəz»in də Premyer Liqadakı yeri toxunulmazdır. «Simurq» isə «Turan»a uduzmamaqla, işini xeyli asanlaşdırıb. Aşığı altılıqda indi yalnız bir sual var: kim sonuncu olacaq – «Sumqayıt», yoxsa «Turan»?

BATI YAR, «İdman» qəzeti


Xəbər 1113 dəfə oxundu.