Naftalanda qolf meydançası, tennis kortu və atçılıq meydanı yaradılacaq
Azərbaycanın beynəlxalq turizm mərkəzlərindən birinə çevrilən Naftalanın xarici turistlər üçün cəlbediciliyini daha da artırmaq məqsədilə şəhərdə qolf meydançası, tennis kortu və atçılıq meydanının yaradılması nəzərdə tutulub.

Naftalan Şəhər İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlili sektorunun müdiri Ülfət Əliyev bildirib ki, yeni layihə Nazirlər Kabinetinin Naftalan şəhərinin 2033-cü ilə qədərki dövrdə inkişafına dair Baş planına salınıb.

Ülfət Əliyev deyib ki, bu cür layihə respublikamızın qərb bölgəsində ilk dəfə icra olunacaq. Həmçinin yeni layihələrin icrası Naftalana böyük iqtisadi səmərə gətirəcək və şəhərin beynəlxalq turizm potensialını daha da artıracaq.

Baş planda öz əksini tapmış digər layihələrdən də danışan Ülfət Əliyev qeyd edib ki, şəhərdə xüsusi kottec və mehmanxanaların inşası planlaşdırılır. Digər bir yenilik isə hazırda bütün dünyada turizmin ən geniş inkişaf etmiş növlərindən biri hesab olunan fərdi həyətyanı evlərin sayının artırılmasıdır. Məhz bu evlər sayəsində turistlər şəhər həyatı, mədəniyyəti, mətbəxi ilə daha yaxından tanış olmaq imkanı əldə edəcəklər.

Xəbər 917 dəfə oxundu.