Bu gün UEFA Super Kubokunun 44-cü qalibi müəyyənləşəcək
Avqustun 15-də Madridin iki təmsilçisi - “Atletiko” və “Real” 44-cü UEFA Super Kuboku uğrunda mübarizə aparacaqlar.

Qarşılaşma Estoniyanın paytaxtında Tallinndə “Lilleküla” stadionunda baş tutacaq.

“Real Madrid” 2017-2018 mövsümündə Çempionlar Liqasının, “Atletiko” isə Avropa Liqasının qalibi olub. UEFA Super Kuboku tarixində ilk dəfə eyni şəhərin iki komandası qarşılaşacaq.

“Real Madrid” UEFA Super Kubokunun hazırkı sahibidir. Ötən ilin avqustunda Madrid klubu “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edib.

1972-ci ildən təşkil olunan Super Kuboku ən çox qazananlar İspaniyanın “Barselona” və İtaliyanın “Milan” komandalarıdır. Hər iki klub 5 dəfə qələbə sevinci yaşayıb. Bu gün “Real Madrid” qələbə qazanacağı təqdirdə “Barselona” və “Milan” klubları ilə UEFA Super Kuboku sayını bərabərləşdirəcək. “Atletiko Madrid” isə bu vaxta kimi iki dəfə bu titula sahib olub (2010, 2012).

Görüş Bakı vaxtı ilə saat 23:00-da baş tutacaq. Qarşılaşmanı polşalı Şimon Marçinek idarə edəcək. Ona Pavel Sokolckiy və Tomaş Listkeviç kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ovidiu Xaceqan yerinə yetirəcək.

Xəbər 889 dəfə oxundu.