Yuliya Dovqal: Nəticələrimi daha yaxşılaşdırıb olimpiya medalı qazanmağa çalışacam - MÜSAHİBƏ
Azərbaycan milli komandasının üzvü Yuliya Dovqal (+75) Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, Antalyada keçirilmiş Avropa çempionatının son günündə yığmamıza bürünc medal qazandıran idmançımız qələbəsini şərh edib.

- Avropa çempionatının bürünc medalçısı oldunuz. Hisslərinizi sözlə ifadə edə bilərsizmi?
- Təbii ki, bu nəticəyə görə çox şadam. Avropa çempionatında medal qazanmaq xoş hisslərdir. Ancaq qarşıda olimpiada var. Yaxşı başa düşürəm ki, qaldırdığım çəkilər Londonda medal üçün yetərli olmayacaq. Bunun üçün daha çox çalışmaq lazımdır. Bütün gücümü ortaya qoyacam ki, nəticələrimi daha da yaxşılaşdırım və olimpiya medalı qazanım.

- Bu çempionatda Azərbaycan milli komandasını medallarla yanaşı, London-2012-yə lisenziya da maraqlandırırdı. Sizin üçün hansı daha vacib idi?
- Hər ikisinin öz əhəmiyyəti var. Hər hərəkətin ilk yanaşmasında əsasən lisenziyanı düşünürdüm. Bunlar uğurlu olunca, özümə – yəni medalların qazanılmasına kökləndim. Hər 2 işin öhdəsindən gəldiyimə görə çox şadam.

- Sizə azarkeşlik edən, dəstək verən insanlara nə demək istərdiniz?
- Burada mənimlə birlikdə olan, həmçinin kənardan hər cür mənəvi dəstəyini əsirgəməyən hər bir kəsə minnətdaram. Azərbaycana və onun xalqına mənə inandığına və bu nəticələrə nail olmağıma şans yaratdığına görə təşəkkür edirəm. Mənə edilən etimadı bundan sonra da doğrultmağa çalışacam.

Xəbər 1379 dəfə oxundu.