Biledə keçirilən turnirdə Şəhriyar Məmmədyarov liderdir
Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov İsveçrənin Bile şəhərində böyük şahmat festivalı çərçivəsində keçirilən Qrossmeysterlər Turnirinin nəticələr cədvəlində birinci yerə çıxıb. Altıncı turda qara fiqurlarla oynayan həmvətənimiz yerli şahmatçı Niko Georgiadisə qalib gələrək 4,5 xal toplayıb.

Dünya çempionu, norveçli Maqnus Karlsen liderdən yarım xal qalır. Turnirin ilk iki turunda qalib gələn dünya çempionu sonrakı dörd görüşün hamısını heç-heçə başa vurub. Altıncı turda Karlsenin rəqibi Çexiya nümayəndəsi David Navara olub.

Altıncı turda Pyotr Svidler turnir ərzində ilk məğlubiyyətə uğrayıb. Bu turda ağ fiqurlarla oynayan rusiyalı fransız Maksim Vaşye-Laqrava uduzub. Beləliklə, üçüncü yer uğrunda mübarizə xeyli kəskinləşib.

Altı turdan sonra turnir cədvəlində vəziyyət belədir:

1. Şəhriyar Məmmədyarov - 4,5 xal.

2. Maqnus Karlsen – 4 xal.

3-5. Pyotr Svidler, David Navara, Maksim Vaşye-Laqrav – hərəyə 3 xal.

6. Niko Georgiadis – 0,5 xal.

Bu gün turnir iştirakçıları istirahət edirlər.

Bazar günü yeddinci turda Məmmədyarov ağ fiqurlarla Navaraya qarşı çıxış edəcək. Həmin gün Karlsen – Vaşye-Laqrav və Georgiadis-Svidler cütlükləri də qarşılaşacaq.

Bile festivalında Ustaların Turnirində beş turdan sonra hərəyə 4,5 xal toplamış hindistanlı Suri Vaybhav və xorvat Davorin Kulyaşeviç irəlidədir. Yeddi iştirakçı onlardan yarım xal geri qalır. Şəhriyarın bacısı Türkan Məmmədyarova 2,5 xal toplayıb. Altıncı turda ağ fiqurlarla oynayacaq Türkanın rəqibi Hindistan şahmatçısı K.Krithiqqa olacaq.

Xəbər 639 dəfə oxundu.