Bakıda ikinci beynəlxalq həmrəylik tennis çempionatı fərdi yarışlarla davam edir
Bakıda keçirilən ikinci beynəlxalq həmrəylik tennis çempionatı davam edir.

Iyulun 24-də - çempionatın ikinci günündə Azərbaycanın 7 tennisçisi mübarizə aparacaq. Belə ki, qızların şəxsi yarışlarında Züleyxa Səfərova tacikistanlı Anastasiya Tursunova, Ülviyyə Süleymanova Mozambik təmsilçisi Marieta Nhamitambla, Umayra Həşimova belaruslu Aleksandrina Mamiha, Alina Qavriş isə Veranka Novik (Belarus) ilə qarşılaşacaqlar.

Oğlanların şəxsi mübarizəsində isə Samir Qafarov Belarus tennisçisi Yaraslav Şila, Rəsul Qocayev Türkiyə təmsilçisi Burakcan Yılmaz, Orxan Manaflı isə Səudiyyə Ərəbistanından olan Saud Alhaqbani ilə üz-üzə gələcək.

İyulun 27-dək davam edəcək yarışda Azərbaycan tennisçiləri ilə yanaşı, Albaniya, Bəhreyn, Belarus, İraq, Qırğızıstan, Maldiv adaları, Mozambik, Rusiya, Səudiyyə Ərəbistanı, Liviya, Seneqal, Tacikistan, Türkiyə və Uqanda idmançıları birincilik uğrunda mübarizə aparırlar.

Çempionat Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) arasında imzalanan memorandum əsasında təşkil olunub. Memorandum "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının irsini davam etdirmək, İslam mədəniyyətini və idmanı gənclərə aşılamaq məqsədilə imzalanıb. Hədəf İHİF-ə üzv ölkələrin idmançıları arasında İslam həmrəyliyini möhkəmləndirmək, ən yüksək idman dəyərlərini və prinsiplərini qoruyub saxlamaq, müsəlman ölkələrində idman və Olimpiya hərəkatını, gənclər arasında birlik və qardaşlığı təbliğ etməkdir.

Bakı Tennis Akademiyasında təşkil olunan çempionatda 14 və daha yuxarı yaş kateqoriyasına aid idmançılar iştirak edirlər. Tennisçilər 4 qrup üzrə yarışırlar.

Çempionatın tərəfdaşları Azərbaycan Tennis Federasiyası, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC), Bakı Tennis Akademiyası, “BİR” Tələbə Könüllü Təşkilatı, İdman Azərbaycan kanalı, “Coca-Cola” və “Toyota” şirkətləridir.

Xəbər 1500 dəfə oxundu.