Badmintonçularımız Nigeriyada bürünc medal qazanıblar
Badmintonçularımız Edi Reski Dviçayo və Ezmi Qovimuramadhoni Nigeriyada keçirilən “Lagos International-2018” turnirində bürünc medal qazanıblar. Təmsilçilərimiz bu uğura qoşa yarışlarda nail olub.

Mübarizəyə 1/16 finaldan başlayan Edi - Ezmi cütü ilk mərhələdə nigeriyalı Yinkan İfraimu Bulus - İsaak Minaphi tandeminə 2:0 (21-8, 21-10) hesabı ilə qalib gəlib. Badmintonçularımız 1/8 finalda hindistanlı Vasanta Kumar - Asiz Surya cütünü də 2:0 (21-19, 22-20) hesabı ilə məğlub edib. Dörddəbir finalda badmintonçularımızın rəqibi malayziyalı Məhəmməd Hakim Lukman və Maldiv adalarını təmsil edən Hüseyn Zayandan ibarət tandem olub. Bu görüşdə də rəqiblərinə set verməyən Edi və Ezmi 2:0 (21-16, 21-12) hesabı ilə qələbə qazanıb. Badmintonçularımız yarımfinalda Hindistan idmançıları Vaibhaav və Ray Prakaş cütü ilə qarşılaşıblar. Təmsilçilərimiz bu görüşdə 0:2 (12-21, 20-22) hesabı ilə uduzsa da, yarımfinala vəsiqəni təmin etdiyindən çellenc seriyalı turnirin bürünc medallarına sahib çıxıblar.

Badmintonçularımızın şəxsi yarışlardakı göstəricilərinə gəldikdə isə Ezmi ilk mərhələdə nigeriyalı Folorunşo İlensami Opeyoriyə 2:0 (21-8, 21-10) hesabı ilə qalib gəlib. Təmsilçimiz ikinci görüşündə turnirin finalçısı Mohmed Misbuna 0:2 (12-21,13-21) hesabı ilə uduzub.

Yarışa əsas mərhələdən qatılan Edi Reski Dviçayo isə turnirə qələbə ilə başlayıb. Edi nigeriyalı Usman Ayo İsiaqı 2:0 (21-16, 21-13) hesabı ilə məğlub edib. Təmsilçimiz 1/8 finalda turnirin qalibi israilli badmintonçu Mişa Zilbermana uduzub. Görüş Zilbermanın 2:0 (21-17, 24-22) hesablı qələbəsi ilə başa çatıb.

Xəbər 1382 dəfə oxundu.