Güləşçilərimiz reytinq yarışlarına Türkiyədə hazırlaşırlar
Güləş üzrə yığma komandalarımız təqvim planında nəzərdə tutulan qrafik üzrə qarşıdan gələn reytinq xarakterli beynəlxalq turnirlərə hazırlığı davam etdirirlər.

Yığma komandalarımız bu dəfə ki təlim-məşq toplanışını Türkiyədə keçirlər. Bu məqsədlə hər üç güləş növü üzrə yığmamızın üzvləri İstanbuldadır.

Ayın əvvəlindən qardaş ölkəyə yollanan yunan-Roma yığmamızın iştirak etdiyi təlim-məşq toplanışında Türkiyə ilə yanaşı, Hindistan, Qırğızıstan, Gürcüstan, Bolqarıstan, Estoniya, Litva, Ukrayna və Moldova komandaları da hazırlıq keçirlər. Yığmamızın üzvləri iyulun 20-22-də İstanbulda keçiriləcək Vehbi Emrenin xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

Sərbəst və qadın güləşi üzrə yığmamızın üzvləri də ötən həftədən İstanbulda təlim-məşq toplanışına başlayıblar. Sərbəst güləşçilərimiz Hindistan, Türkiyə, Belarus, Ukrayna və Tatarıstan komandaları ilə birgə hazırlıq keçirlər. Qadın güləşçilərin təlim-məşq toplanışında isə yığmamızla yanaşı Türkiyə və Hindistan komandaları da iştirak edirlər. Təlim-məşq toplanışı başa çatdıqdan sonra güləşçilərimiz iyulun 27-29-da İstanbulda keçiriləcək Yaşar Doğunun xatirəsinə həsr olunan reytinq xarakterli beynəlxalq turnirdə sınaqdan keçiriləcək.

Xəbər 1105 dəfə oxundu.