Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin açılış mərasimi olub
İyulun 14-də Bakıda futvolley üzrə açıq beynəlxalq turnirin açılış mərasimi olub.

Əvvəlcə iştirakçı ölkələrin paradı olub.

Açılış mərasimində çıxış edən Azərbaycan Futnet Federasiyasının (AFNF) birinci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Aydın Hüseynov yarışın iştirakçılarına uğurlar arzulayıb. Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını diqqətə çatdıran Aydın Hüseynov deyib: “Respublikamızda idmana dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir. Bu qayğının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada uğurlar qazanır, ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycan irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Bugünkü yarışdada dünyanın ən güclü idmançıları birincilik uğrunda mübarizə aparırlar. Ümid edirəm ki, Bakı turniri idmançıların yaddaşında xoş xatirələrlə qalacaq”.

İdmanın bu növünün ölkəmizdə yeni olmasına baxmayaraq, kifayət qədər tanındığını və inkişaf etdiyini bildirən A.Hüseynov federasiyanın gələcək planlarından və qarşıda duran vəzifələrdən danışıb.

AFNF-in İcraiyyə Komitəsinin üzvü Gülağa Cabbarov turniri açıq elan edib.

Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra açılış mərasimi konsert proqramı ilə davam edib.

Turnirdə Azərbaycan, Braziliya, Hollandiya, Portuqaliya, İran, Rusiya, Pakistan və Avstriya yığmaları birincilik uğrunda mübarizə aparırlar. Azərbaycan yığması Hollandiya, Avstriya və Pakistan milliləri ilə birgə “B” qrupunda yer alıb. Portuqaliya, Braziliya, İran və Rusiya kollektivləri isə “A” qrupunda yarışacaqlar.

Beynəlxalq turnirin ümumi mükafat fondu 6 min manatdır.

İyulun 15-də yekun vurulacaq turnirin qaliblərinə medal, diplom və pul mükafatları təqdim ediləcək.

Xəbər 913 dəfə oxundu.