Velosiped idmanı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) daxili çempionatların təşkili məqsədilə milli federasiyalar üçün müəyyənləşdirdiyi təqvim planına əsasən, Azərbaycan çempionatı keçirilib. Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən birgə təşkil edilən yarışda klub və cəmiyyətlərin 100-ə yaxın idmançısı iştirak edib.

Bütün yaş kateqoriyaları üzrə təşkil olunan çempionat zamanı elit və U-23 yaş qrupunda mükafatlara “Synergy Baku” kontinental komandasının üzvləri layiq görülüblər. İyirmi dörd kilometr məsafəyə fərdi ötüşmədə Elçin Əsədov birinci, Musa Mikayılzadə ikinci, Elgün Əlizadə isə üçüncü yeri tutublar. Yüz qırx kilometr məsafəyə qrup ötüşməsi zamanı Kiril Pozdnyakov bütün rəqiblərini qabaqlamaqla birinci olub. Samir Cəbrayılov və Elçin Əsədov isə finişi müvafiq olaraq 2-3-cü keçiblər.

Gənc oğlanların 24 kilometr məsafəyə fərdi ötüşməsində Respublika Olimpiya Velosiped Məktəbinin üzvü Qadir Mustafayev hamını qabaqlayıb. Onun komanda yoldaşı Şahin Eyvazov isə gənclərin 90 kilometr məsafəyə qrup ötüşməsində finiş xəttini birinci keçib.

On yeddi yaşadək oğlanlar arasında 7 saylı Olimpiya Ehtiyatları Velosiped Məktəbinin üzvü Əmral Əbdüləzizli həm 16 kilometr məsafəyə fərdi, həm də 63 kilometr məsafəyə qrup ötüşməsində ən yüksək nəticə göstərib. Oğlanların U-15 yaş kateqoriyasında 8 kilometr məsafəyə fərdi ötüşmədə 7 saylı Olimpiya Ehtiyatları Velosiped Məktəbindən Mustafa Muxtarlı fərqlənib.

Gənc qızlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçisi Ayan Xankişiyeva 16 kilometr məsafəyə fərdi, həmçinin 63 kilometr məsafəyə qrup ötüşməsində Azərbaycan çempionu olub. Bu məktəbin digər nümayəndəsi Elfanə Camalova isə 17 yaşadək qızlar arasında müvafiq olaraq 8 və 37 kilometr məsafəyə fərdi və qrup ötüşməsində bütün rəqiblərini qabaqlayıb. On beş yaşlı qızların 8 kilometrə fərdi ötüşməsində 7 saylı Olimpiya Ehtiyatları Velosiped Məktəbindən Gülşən İsmayılova qızıl medala layiq görülüb.

Azərbaycan çempionatının nəticələri Beynəlxalq Velosipedçilər İttifaqına da göndərilib və idmançıların fərdi reytinq cədvəlində öz əksini tapacaq.

Xəbər 1261 dəfə oxundu.