Rusiya millisi penalti seriyasında İspaniyanı məğlub edərək mundialın dörddəbir finalına adlayıb
İyulun 1-də Rusiyanın ev sahibliyi etdiyi futbol üzrə XXI dünya çempionatının daha bir dörddəbir finalçısı müəyyənləşib.

Mundialın səkkizdəbir final mərhələsi çərçivəsində Moskvadakı “Lujniki” stadionunda Rusiya və İspaniya yığma komandaları üz-üzə gəliblər.

Niderlandlı baş hakim Bjorn Kuipersin idarə etdiyi oyunun 12-ci dəqiqəsində rusiyalı futbolçu Sergey İqnaşeviç avtoqolla İspaniya millisini hesabda önə çıxarıb. Pikenin əllə oyununa görə, hakim İspaniya millisinin qapısına on bir metrlik cərimə zərbəsi təyin edib. Görüşün 41-ci dəqiqəsində Artyom Dzyuba zərbəni dəqiq vuraraq hesaba tarazlıq gətirib.

Matçın ilk hissəsi 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci hissədə komandalar təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib və matç 1:1 hesabı ilə başa çatıb.

Qalib müəyyənləşmədiyi üçün matçda əlavə vaxt oynanılıb. Əlavə vaxtda da komandalar fərqlənə bilməyiblər və qalibin kimliyi penalti seriyasında bəlli olub. Zərbələri dəqiq yerinə yetirən Rusiya millisi 4:3 hesabı ilə qalib gələrək dörddəbir finala yüksəlib.

Qeyd edək ki, Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov dünya çempionatları tarixində ilk dəfə dördüncü əvəzetmədən istifadə edib.

Bu oyunadək komandalar 6 dəfə üz-üzə gəliblər. Dörd dəfə qələbə qazanan İspaniya millisi, 2 dəfə meydanı heç-heçə ilə tərk edib.

Rusiya millisi dörddəbir finalda Xorvatiya-Danimarka oyununun qalibi ilə qarşılaşacaq.

Günün digər səkkizdəbir final matçı Bakı vaxtı ilə saat 22:00-da Nijni Novqorod stadionunda Xorvatiya və Danimarka milli komandaları arasında oynanılacaq.

Xəbər 645 dəfə oxundu.