Bu dəfə “kiçik bürünc”
Milli komandamız Türkiyənin Antalya şəhərində keçirilən ağırlıqqaldıranlar arasında Avropa çempionatının növbəti günündə də qənaətbəxş çıxıb edib. İdman.com.az saytının məlumatına görə, dünənki mübarizədə yenə medal qazanılıb.
Qonşu ölkədə bu dəfə İntiqam Zairov (94 kq) fərqlənib. O, təkanla qaldırma hərəkətlərində 213 kq çəkinin öhdəsindən gələrək, “kiçik bürünc”ə yiyələnib. Lakin həmyerlimizin birdən qaldırma hərəkətlərində bütün cəhdləri uğursuz alınıb və o, ümumi siyahıda yer almayıb.

Ondan fərqli, digər təmsilçimiz Alyina Kiriyenko (69 kq) hər 2 hərəkətdə sifariş verdiyi çəkini başı üzərinə qaldırıb və yekunda 9-cu yeri tutub (88 kq + 113 kq = 201).
Qeyd edək ki, çempionatın əvvəlki günlərində Valentin Xristov (56 kq), Əfqan Bayramov (69 kq) və Boyanka Kostova (56 kq) Avropa çempionu adını qazanmışdılar. Silviya Angelova (48 kq) isə bürünc mükafata sahib çıxmışdı.
Yığmamızın üzvlərindən Yuliya Dovqal (+75) hələ mübarizəyə qoşulmayıb. Namiq Cəlilov (85 kq) isə zədələndiyindən podiuma çıxmayıb.

Xəbər 1441 dəfə oxundu.