"Rusiya 2018": Belçika millisi İngiltərə yığmasını minimal hesabla məğlub edib
Rusiyada təşkil olunan futbol üzrə dünya çempionatının “G” qrupunda mübarizəyə iyunun 28-də yekun vurulub.

Meydana “G” qrupunda yer alan Belçika və İngiltərə komandaları çıxıblar. Görüşdə belçikalılar 1:0 hesabı ilə qalib gəliblər. Oyunda Belçika yığmasında yeganə qolun müəllifi 51-ci dəqiqədə fərqlənən Adnan Yanuzay olub. Beləliklə, bu qələbədən sonra Belçika millisi "G" qrupunun lideri kimi səkkizdəbir final mərhələsinə yüksəlib.

Bu qrupdakı digər oyun səkkizdəbir finala çıxmaq şansını itirmiş Tunis və Panama komandaları arasında keçirilib. Görüş Tunis millisinin 2:1 hesabı ilə qələbəsi ilə başa çatıb. Bu nəticəyə baxmayaraq, hər iki komanda mundialda mübarizəsini dayandırır.

Qeyd edək ki, Belçika səkkizdəbir finalda Yaponiya ilə, İngiltərə yığması isə Kolumbiya millisi ilə qarşılaşacaq.

Xatırladaq ki, indiyədək səkkizdəbir final mərhələsinin səkkiz iştirakçısı tam müəyyənləşib. Səkkizdəbir finalda indiyədək müəyyənləşəcək iştirakçılardan Uruqvay ilə Portuqaliya, Fransa ilə Argentina, İspaniya ilə Rusiya və Xorvatiya ilə Danimarka, İsveç ilə İsveçrə, Meksika ilə Braziliya qarşılaşacaqlar.

Futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin görüşləri iyunun 30-dan iyulun 3-dək keçiriləcək.

Xəbər 544 dəfə oxundu.