Güllə atıcılığı üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib
İyunun 27-də Bakı Atıcılıq Mərkəzində güllə atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.

Çempionatda 48 idmançı pnevmatik tapançadan, 19 atlet isə tüfəngdən atəşaçma yarışlarında qüvvəsini sınayıb.

“Afina-2004” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumovanın hakimlik etdiyi çempionatda qadınların pnevmatik tapançadan atəşaçma yarışında Nigar Nəsirova 565 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Lalə Mirzəzadə 550 xalla gümüş, Zeynəb Abbasova 547 xalla bürünc medala sahib olub.

Kişilərin mübarizəsində Rəsul Məmmədov 574 xalla bütün rəqiblərini qabaqlayıb. Çempionatda Ruslan Lunyov və Rəhim Rəhimli 560 xalla ilk üçlüyü tamamlayıblar.

Pnevmatik tüfəngdən atəşaçma yarışlarında qadınların mübarizəsində Jalə Bayramova 618,8 xalla qızıl medal qazanıb. Nəzrin Salamzadə (609 xal) gümüş, Rübabə Quluzadə (607.2 xal) isə bürünc medal əldə ediblər.

Kişilərin yarışında isə Əli Məcidli 611.4 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ruslan Qəhrəmanov 590.8 xalla ikinci, Üzeyir Tapdıqlı 565.6 xalla üçüncü olub.

Yarışın baş katibi Səadət Əhmədova olub.

Xəbər 1379 dəfə oxundu.