Bakıda keçiriləcək arena polo üzrə Dünya Kuboku turnirində dörd məşhur polo komandası yarışacaq
İyunun 15-17-də Bakıda arena polo üzrə VI Dünya Kuboku yarışı keçiriləcək. Yarış Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə reallaşdırılan Milli Atçılıq Festivalı çərçivəsində təşkil ediləcək.

Bu barədə iyunun 14-də yarışla bağlı keçirilən mətbuat konfransında məlumat verilib.

ARAF-ın baş katibi Bəhruz Nəbiyev və digərləri mətbuat konfransında çıxış edərək bildiriblər ki, festival çərçivəsində bir neçə tədbir və turnirlər artıq təşkil olunub. Arena polo üzrə Dünya Kuboku yarışları barədə məlumat verən Bəhruz Nəbiyev qeyd edib ki, turnirə iyunun 15-də “Elite Horse & Polo Club” və “Indian Polo & Riding Club New Delhi” komandaları arasında keçiriləcək oyunla start veriləcək. Həmin gün ikinci görüş isə “Polo Club Wicklow” və “Rhein Polo Club Düsseldorf” arasında oynanılacaq.

İyunun 16-da günün ilk oyununda “Rhein Polo Club Düsseldorf” və “Indian Polo & Riding Club New Delhi” komandaları yarışacaqlar. İkinci oyun isə “Elite Horse & Polo Club” və “Polo Club Wicklow” arasında təşkil ediləcək. Kubokun ikinci günü “Port Baku Scalini”də keçiriləcək dünya polo gecəsi ilə başa çatacaq.

İyunun 17-də keçiriləcək oyunlarda isə komandalar üçüncülük və final uğrunda mübarizə aparacaqlar. Arena polo üzrə VI Dünya Kuboku yarışına oyunlardan sonra keçiriləcək mükafatlandırma mərasimi ilə yekun vurulacaq.

Mətbuat konfransından sonra yarışda iştirak edəcək komandaların təqdimatı olub.

Xəbər 1655 dəfə oxundu.