“Heydər Əliyev kuboku” turnirində ilk turun oyunları başa çatıb
Naxçıvan Muxtar Respublikasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol üzrə “Heydər Əliyev kuboku” turnirinə start verilib.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Peşəkar Futbol Liqasının birgə təşkil etdiyi yarışda 4 komanda dairəvi sistem üzrə mübarizə aparır.

Yarışa start verilməmişdən öncə turnirdə idarəçilik edəcək hakimlər, eləcə də təşkilatçı qurumların rəhbərləri ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət ediblər.

Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək futbol üzrə “Heydər Əliyev kuboku”nu idarə edəcək hakimlərə gəlincə, baş hakim funksiyasını İnqilab Məmmədov və Vüqar Həsənli yerinə yetirəcəklər. Baş hakimin köməkçiləri kimi isə İsgəndər Əliyev, Rza Məmmədov, Elşad Abdullayev, Müslüm Əliyev meydana çıxacaqlar. Oyunların hakim-inspektoru isə Rüfət Əliyevdir.

Turnirin artıq püşkatma mərasimi də keçirilib və reqlamentə əsasən yarışa 15 İyunda – Milli Qurtuluş Günündə yekun vurulacaq. Ən çox xal toplayan komanda kuboka və qızıl medallara sahib çıxacaq. Yekunda iki və daha artıq komandanın xalları bərabər olarsa, turnirin reqlamentinə əsasən qalib müəyyən ediləcək.

Artıq turnirdə ilk turun oyunları keçirilib. Belə ki, ilk görüşdə MOİK və “Şüvəlan” komandaları üz-üzə gəlib. “Şüvəlan” komandasının heyətində Azad Kərimov (avtoqol), Akif Tağıyev və Elvin Adışirinlinin qollarına “hərbçilər” yalnız Orxan Həsənovun penalti qolu ilə cavab verə biliblər – 3:1.

Günün ikinci görüşündə isə “Araz-Naxçıvan” və “Zaqatala” komandaları qarşılaşıb. Naxçıvan təmsilçisinin heyətində dubl edən Nurlan Novruzov komandasına qələbə qazandırıb – 2:1.

Xəbər 987 dəfə oxundu.