“Neftçi” klubu İqor Getmanla müqavilənin müddətini artırıb
Yeni mövsümdə “Neftçi” futbol klubunun əsas komandasına rəhbərlik edəcək Roberto Bordinin daha bir köməkçisinin adına aydınlıq gəlib. Ötən mövsüm də bu vəzifəni yerinə yetirən İqor Getmanla müqavilə 1 il müddətinə artırılıb.

İqor Getman 1991-1992-ci, 1998-2007-ci illərdə "Neftçi”də çıxış edib, 236 oyun keçirib və 7 qol vurub. “Neftçi”nin heyətində 3 dəfə Azərbaycan çempionatının, 2 dəfə ölkə kubokunun qalibi olan Getman müstəqillik dönəmində komandada ən çox oyun keçirən futbolçudur. O, 1995-2001-ci illər ərzində Azərbaycan milli komandasının heyətində 24 oyunda meydana çıxıb.

Bunadək də əsas komandada məşqçi, əvəzedici heyətdə isə baş məşqçi vəzifələrində çalışan 47 yaşlı mütəxəssis UEFA-nın A kateqoriyalı məşqçisidir.

Qeyd edək ki, İqor Getmanla yanaşı, Füzuli Məmmədov, Etibar Tarıverdiyev (qapıçılar üzrə) və Andrea Vezzu (fiziki hazırlıq üzrə) da baş məşqçi Roberto Bordinə kömək edəcəklər.

Xəbər 605 dəfə oxundu.