Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvada Bakı-2020 layihəsini təqdim edib
Bakı Olimpiya Oyunlarına ev sahibliyi üçün yeni model təklif edir

Milli Olimpiya Komitələri Assosiasiyasının Moskvada keçirilən Baş Assambleyasında iştirak edən Bakı-2020 nümayəndə heyəti dünya Olimpiya İctimaiyyətinə Olimpiya və Paralimpiya Oyunlarına yeni davamlı ev sahibliyi modelini təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Moskvanın Dünya Ticarət Mərkəzində 1000 nəfərin iştirakı ilə keçirilən Assambleyada çıxış edib: “Biz Bakı-2020 layihəmizlə bütün dünyaya Olimpiya və Parlimpiya dəyərlərinə söykənən nümunəvi və məsuliyyətli Olimpiya Oyunları keçirmək iqtidarında olduğumuzu nümayiş etdirmək istəyirik. Biz mükəməllik, dostluq və ədalətli oyun kimi Olimpiya ideallarının tətbiqi ilə xalqımızın və ölkəmizin davam edən sosial inkişafına yeni təkan vermək istəyirik.”

Bakının özəlliyini vurğulayan Mehriban xanım qeyd edib ki, Bakı qədim və müasir arxitektura, zəngin mədəni və tarixi irsə malik çox dinamik, müasir və sağlam həyat tərzi ilə seçilən şəhərdir. Adi yay günlərində hər kəs Xəzər dənizinin xoş çimərliklərində istirahət edə bilər, dənizkənarı parkda gəzintiyə çıxar və ya, şəhərin yeni müasir idman komplekslərində bir çox idman növləri ilə məşğul ola bilər.

Mehriban Əliyeva Azərbaycan hökumətinin Olimpiya Oyunlarını keçirmək üçün lazımı siyasi və maliyyə resurslarını cəlb etməyin vacibliyini vurğulayaraq bildirib: “Mən sizi əmin edirəm ki, biz buna tam hazırıq.”

“Mən sizə Azərbaycan Prezidenti adından və bütövlükdə ölkəmiz adından zəmanət verirəm ki, Bakı 2020 Olimpiya Oyunlarına ev sahibliyi etmək şərəfinə layiq görülsə biz hər kəsin gözlədiyindən daha yüksək səviyyəli oyunlar keçirəcəyik. Ölkəmizin və paytaxtımızın qədim rəmzi olan Bakının əbədi məşəli sülh və dostluq rəmzi olan Olimpiya məşəlini qəbul etsə bizim bütün xalqımızın yeni bir arzusu həyata keçmiş olacaq. Hamınızı bizim bu arzumuza şərik olmağa dəvət edirəm.”

Təqdimat zamanı çıxış edən Bakı-2020 nümayəndə heyətinin üzvü, Nərgiz Birk-Petersen tədbir iştirakçılarını özlərini xəyalən Bakıda, dünyaya yeni açılan bir ölkənin paytaxtında təsəvvür etməyə çağırıb: “Olimpiya Oyunları vasitəsilə bütün dünya bəşərin qədim və eyni zamanda müasir və dinamik mədəniyyətini qlobal idman bayramı formatında tanımış olacaq.”

Nərgiz Birk-Petersen Bakının təqdim etdiyi yeni Olimpiya Oyunları modelinin vacibliyini də vurğulayıb: “Biz sübut etmək istəyirik ki, Olimpiya Oyunları xalqın idman potensialı və sağlamlığına qoyulan böyük sərmayə olmaqla yanaşı eyni zamanda, beynəlxalq Olimpiya ictimaiyyəti üçün səmərəli təşkil edilmiş davamlı oyun modeli ola bilər. Dünyanın bir çox ölkələrində tərəqqi baş verir və Olimpiya Oyunlarının əsaslandığı və bizim də bölüşdüyümüz mühüm dəyərlər vasitəsilə biz sosial inkişafı daha da sürətləndirmiş olarıq. Digər ev sahibi şəhərlərinin təcrübəsində biz Olimpiya Oyunlarının nə dərəcədə müsbət dəyişikliyə səbəb ola biləcəyini bilirik. Elə bu səbəbdən bu gün biz öz gələcək inkişafımızı Olimpiya Hərəkətı ilə birgə görmək istəyirik”

Bakı-2020 nümayəndə heyətinin digər üzvü Elxan Məammədov isə təqdimat zamanı Bakının üstünlüklərini vurğulayıb: “Bakı idman üçün ideal iqlimə, gözəl dəniz sahilinə və zəngin tarixə malikdir. Dünya ölkərinin maliyyə çətinlikləri yaşadığı bir dövrdə isə biz dünyanın ən sürətlə inkişaf edən güclü iqtisadiyyatına malik olduğumuzu bildiririk. Bakı-2020 namizədliyinin ciddi müsbət tərəflərini görməmək mümkün deyil. Olimpiya Oyunlarından sonra Azərbaycan idmançılarına qalacaq miras isə növbəti nəsillər üçün əvəzsiz tövhə olacaq.”

E.Məmmədov Bakının təklif etdiyi Olimpiya Oyunları layihəsinin sırf idman ehtiyaclarına yönəldiyini bildirib: “Oyunlardan sonra bizə qalacaq infrastruktur isə uzun illər ərzində həm ölkəmizin, həm də regionumuzun idmançıları üçün çox faydalı olacaq. Bizim təqdim etdiyimiz model digər potensial namizəd şəhərlər üçün Olimpiya Oyunlarının gələcəyə yönəlmiş real və məsuliyyətli investisiya nümunəsidir.”

Olimpiya Oyunları veteranı olan Bob Elfinston isə Bakı-2020-nin texniki video-çarxını təqdim edib və bunları söyləyib: “Biz hamımız bilirik ki, dünyada mövcud olan yüzlərlə Milli Olimpiya Komitələri dünya Olimpiya Hərəkatı və Olimpiya idmanının əsasını təşkil edir. Bu gün mən Azərbaycanın peşəkar və istedadlı mütəxəssisləri ilə birgə Bakı-2020 Olimpiya Oyunları infrastrukturunu təqdim etməkdən şərəf duyuram.”

Xəbər 1572 dəfə oxundu.