Şəhriyar Məmmədyarov ilə Amerika şahmatçısı heç-heçəyə razılaşıblar
Norveçin Stavanger şəhərində keçirilən “Altibox Norway Chess-2018” şahmat superturnirinin 7-ci turunda Şəhriyar Məmmədyarov Amerika təmsilçisi ilə heç-heçəyə razılaşıb. Rəqiblər 26-cı gedişdən sonra bu qərarı veriblər.

Stavanger superturnirinin 7-ci turunda Fransa təmsilçisi Maksim Vaşye-Laqrav hindistanlı Vişvanatan Ananda uduzub, rusiyalı Sergey Karyakinlə erməni Levon Aronyan və Amerika təmsilçiləri Fabiano Karuana ilə Hikaru Nakamura da heç-heçəyə razılaşıblar.

Hazırkı dünya çempionu M.Karlsen, V.Anand, U.So, L.Aronyan 3,5 xalla liderdirlər. Ş.Məmmədyarov, F.Karuana, S.Karyakin və H.Nakamuranın hərəsinin aktivində 3 xal var, M.Vaşye-Laqrav isə 2 xalla turnir cədvəlinin sonuncu pilləsindədir.

Bu gün keçiriləcək 8-ci turun oyunlarında M.Karlsen-Ş.Məmmədyarov, H.Nakamura-S.Karyakin, V.Anand-F.Karuana, U.So-M.Vaşye-Laqrav cütlükləri qələbə uğrunda mübarizə aparacaqlar.

Mayın 26-da start götürən altıncı “Norway Chess Classic” turniri iyunun 10-dək davam edəcək. Dünyanın 10 güclü şahmatçısı dairəvi sistem üzrə mübarizəyə qoşulublar.

Çinli qrossmeyster Din Lijen “Norway Chess” turnirindən ayrıldığı üçün onun oyunları nəzərə alınmayacaq. Velosiped qəzası zamanı ombası zədələnmiş D. Lijen cərrahiyyə əməliyyatı keçirib.

Xəbər 1045 dəfə oxundu.