Çövkən oyunu üzrə “100 İllik Yubiley Kuboku”nun yarımfinalçıları məlum olub
Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi münasibətilə təşkil etdiyi Milli Atçılıq Festivalı çərçivəsində keçirilən çövkən milli atüstü oyunu üzrə “100 İllik Yubiley Kuboku” turnirinin ikinci günündə - iyunun 6-da yarımfinalçılar məlum olub.

Ilk görüşdə “Ağstafa” və “Omar” komandaları üz-üzə gəliblər. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Omar” kollektivi 2:0 hesabı ilə qalib gəlib. Digər oyunda isə “Buta Qolden” komandası “Murad” kollektivini qarşılaşmanın sonuncu dəqiqəsində vurduğu qolla 2:1 hesabı ilə məğlubiyyətə uğradıb. Beləliklə, “Omar” və “Buta Qolden” komandaları yarımfinala yüksəliblər. Yarımfinalda mübarizə aparacaq digər komandalar “Sərhədçi” və “Polad” olacaq.

Yarımfinal mərhələsinin oyunları iyunun 7-də təşkil olunacaq. İyunun 9-da isə üçüncü yer uğrunda görüş və final qarşılaşması ilə turnirə yekun vurulacaq.

Turnirin ümumi mükafat fondu 50 min manatdır.

Xəbər 1284 dəfə oxundu.