Otüstü hokkeyçilər mübarizəyə başlayır
Sabah Bakı Otüstü Hokkey Kompleksində, habelə Masallı Olimpiya Kompleksinin stadionunda otüstü hokkey üzrə sayca XI Azərbaycan çempionatı start götürəcək. İdman.com.az saytı xəbər verir ki, ötən ildən fərqli olaraq builki yarışlarda komandaların sayı 20 deyil, 18 olacaq.

Belə ki, ölkə birinciliyində zəif çıxış edən Bakının qadınlardan ibarət “Təhsil” və Masallının (Xırmandalı kəndi) kişilərdən ibarət “Viləş” komandaları mübarizədən kənarlaşdırılıblar. Ölkə birinciliyində daha bir dəyişiklik isə I və II dəstədə çıxış edən kişilərdən ibarət klubların eyni statusda, yəni II dəstədə yarışması olacaq ki, bu da mövsümün axırında Masallı və Bakı zonasında mübarizənin yekununda keçiriləcək pley-off oyunlarından sonra I liqanın yaradılmasıdır.

Beləliklə, yaz - payız sistemi ilə təşkil edilən ölkə çempionatının yüksək dəstəsində Bakının kişilərdən ibarət “Akkord” və “Atasport”, Qusarın “Şahdağ” və Sumqayıtın “Gənclik” klubları mübarizə aparacaq. II dəstədə “A” qrupunda (Bakıda) “Təhsil” (Sumqayıt), “Şəki”, “Gəncə” və Mingəçevirin “Kür”, “B” qrupunda (Masallıda) isə “Xəzər” (Lənkəran), “Astara”, “Göytəpə”(Cəlilabad) və “Olimp”(Masallı) komandaları yarışacaq. Oyunlarını Bakı şəhərində keçirən qadınlardan ibarət “Bakı”, “Atasport-2”, Qusarın “Samur” və “Şahdağ”, habelə “Xəzər”(Lənkəran) və “Sumqayıt” klubları dairəvi sistemlə yarışacaqlar.

Qadınlardan fərqli olaraq kişi hokkeyçilər I dövrədə bir-biri ilə 2 dəfə qarşılaşacaqlar. Mayın sonlarında komandalar birinci dövrəyə yekun vurduqdan sonra fasiləyə çıxacaqlar. II dövrənin oyunları isə sentyabrın axırlarında start götürəcək.

Xəbər 1311 dəfə oxundu.